AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Döymə

Nümunənin reyestr kodu : ST0704000005

Metalişləmədə ən geniş yayılmış üsullardan biri döymə olmuşdur. Bu üsul misgərlikdə, qızıl məmulatının hazırlanmasında, gümüşbəndlik sənətində tətbiq edilmişdir. Ən qədim üsul olan döymə başqa texniki üsullara nisbətən xeyli sadədir.

Misgərlikdə texnoloji əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülmüşdür. İstehsal proseslərinin (misin əridilib qırs halına salınması, istidöymə yolu ilə onların yastılanması, pəstahların döyülüb ilkin formaya salınması, onların calanıb birləşdirilməsi, çarxlama, naxışlama, qalaylama və s.) tələbinə müvafiq olaraq müxtəlif növ alətlərdən istifadə edilirdi.

Körük vasitəsilə kömür laylarının hərarəti artırıldıqca mis qırıqları qızarıb əriyirdi. Kömür yanıb tükəndikcə odluğa yenidən kömür əlavə olunurdu. Mis ərintisi tədricən bərkiyib özünü tutmaqla qəlibin formasına müvafiq dairəvi təbəqə şəklinə düşürdü. “Qırs” adlanan həmin ərintilər ölçülərinə görə çeşidlənib qruplara bölünürdü. Bu qayda ilə misgərin 1 ay işləməsinə kifayət edəcək miqdarda qırs tədarük edilirdi. Məmulatın “calğa” adlanan ayrı-ayrı hissələri zindan üzərində döyülüb nazildilərək müvafiq formaya salınırdı. Döymə zamanı mis layı tədricən soyuyub bərkidiyi üçün onu bir neçə dəfə yenidən kürədə qızdırıb yumşaltmaq və təkrarən döymək lazım gəlirdi. Qırsın qızdırılıb bir əl döyülməsi sənət dililə “to”, yaxud “tov” adlanırdı. İlk tovdan çıxmış və kənarları qayçı (gaz) ilə kəsilib girdə hala salınmış qalın mis təbəqəsi “girdəbur” adlanırdı. Birinci tovdan çıxmış qırs təbəqəsinin qalınlığı istehsal üçün tələb olunan həddən artıq olduğundan onlar yenidən istidöymə yolu ilə bir neçə dəfə döyülməklə nazik təbəqə (“lavaşa”) halına salınırdı. Adətən, xırda qabların girdəburu ikinci tovdan, orta ölçülü qablarınkı üçüncü tovdan, iri qabların girdəburu isə dördüncü tovdan sonra nazilib lavaşa həddinə çatırdı. Qoşa döyülən qırsdan fərqli olaraq, lavaşa üçün girdəburlar hər dəfə dörd-dörd qızdırılıb döyülürdü.

Dayaz qablar bilavasitə lavaşadan düzəldilməklə “xara” adlanırdı. Dərin qabları (qazan, güyüm, səhəng, farş, taskababı, satıl, sərinc və s.) hazırlamaq üçün lavaşa bir sıra əlavə texnoloji prosesdən keçirdi. Bu tip qabların istehsalı “izafə” adlanırdı. İzafə məmulat hazırlamaq üçün qabın hissələrinə müvafiq olaraq əvvəlcə lavaşa döyülüb çuxur (çökək) hala salınır, sonra “pəstaha” edilirdi. Qırsın döyülməsində tov kürəsi, qiblə zindan, müxtəlif növ çəkic, kəlbətin, qayçı və s. işlənirdi. Dərin qablar bir neçə hissədən (dib, orta, boğaz, qulp, lülək və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı. Qabın gövdəsini təşkil edən əsas hissələr “calğa” adlanırdı və lehim vasitəsi ilə qaynaq edilirdi. Lehimləmədən sonra mis məmulatının bir qismi çarxa verilərək onların səthində qalan çəkic izləri itirilib hamarlanırdı. Mis məmulatının bu qrupu “çarxı” qab, çarxa verilməyən qablar isə “qaratapdaq” adlanırdı. İri misgər dükanlarında istehsal prosesləri üzrə ənənəvi peşə bölgüsü (misəridən, qırsgir, tapunçu, körükbasan, misqızdıran, çarxçı, həkkak və s.) ilə yanaşı, məmulat növləri üzrə də dar ixtisaslaşma getmişdir.

Bəsit istehsal texnikasına əsaslanan filizəritmədə, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Qoşa körük vasitəsilə yaradılmış yüksək hərarət nəticəsində filiz əridikcə kürənin odluğunda qaynar metal ərintisi kütləsinə çevrilirdi. Ərintidə əmələ gələn pasa mütəmadi olaraq qədgir vasitəsi ilə çıxarılıb təmizlənirdi. Ərinti yumşalıb saf dəmir halına düşənədək zindan üzərində döyülürdü. İstidöymə prosesində ərintinin tərkibindəki pasa qalığı qəlpələnib tamam çıxır, dəmirin məğzi saflaşırdı.

Əritmə-döymə üsulu ilə yüksək keyfiyyətli dəmir əldə olunurdu. Ona görə də yerli dəmir ərintisindən hazırlanmış məmulat çox möhkəm və davamlı olması ilə fərqlənirdi. Lakin “zavod dəmiri” ucuz başa gəldiyindən kustar üsulla hazırlanan yerli dəmir istehsalını tədricən tənəzzülə uğratmışdır.

Dəmirçilik sənətinin ən bəsit və qədim üsulu soyuqdöymə olmuşdur. “Qarato”, yaxud “qaratapdaq” adlanan bu üsul məmulat istehsalının müxtəlif mərhələlərində, ən çox isə ilkin əməliyyatlarda işlənirdi. Qaratapdaq üsulu ilə metal parçası zindan üzərində döyülüb ilkin forma üçün hazırlanırdı. Dəmirçilikdə başlıca texnoloji üsul istidöymə olmuşdur. Bunun üçün lazımi ölçüdə kəsilib qaratapdaq edilmiş metal parçası kürədə tamam qızaranadək qızdırılandan sonra yastıdodaq kəlbətinlə tutulub zindan üzərində döyülürdü. Pəstaha üzərində ustanın işarə məqsədilə çəkicini vurduğu sahəyə şagird, yaxud kargər ağır çəkiclə (tapun və ya gürz) möhkəm zərbə endirirdi. Pəstaha soyuduqda təkrar kürədə qızdırılır və məmulatın ilkin forması lazımi həddə çatıncayadək istidöymə əməliyyatı davam etdirilirdi. Məmulatın ilkin formaya düşməsi üçün onun ayrı-ayrı hissələri (tiyə, künə, küp, sulğuc, dəstək və s.) istidöymə üsulu ilə kobud şəkildə tapdanıb hazırlanırdı.

Qafqazda ən qədim mis məmulatı Azərbaycanda (Kültəpə, Qarğalar təpəsi, Əliköməktəpə, Şomutəpə, Göytəpə, Çalağantəpə adlı yaşayış yerlərində) tapılmışdır. Bunların içərisində misdən hazırlanmış 20-dən çox əşya: biz, qıyıq, muncuq, bıçaq tiyəsi, ox ucluğu, bilərzik vardır. Soyuqdöymə üsulu ilə hazırlanmış bu əşyalar Eneolitin ilk dövrünə aiddir. M.ə. V minillikdən isə insanlar metalı əritməyi öyrənmiş, daha çox metal alətlər düzəltməyə başlamışlar. Leylatəpədən mis ərintisi qırıqları, mis-nikel qarışıqlı metaldan 26 hazırlanmış bizlər, Kültəpədən mis-mərgümüş qatışıqlı əşyalar, Xantəpədən (Füzuli) mis əridilməsi üçün gildən hazırlanmış butə və saxsı çökmə tapılması göstərir ki, artıq bu dövrdə metalişləmə, metal əridilməsi işi məlum idi.