AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yaxdan

Nümunənin reyestr kodu : ST0100000005

Azərbaycanda ev avadanlıqları arasında xüsusi yeri olan sandıqlar əsasən ağac materiallardan, bəzən isə metaldan hazırlanmışdır. Oyma və şəbəkə üsulları ilə işlənmiş sandıqlarda qiymətli əşyalar, sadə sandıqlarda isə yataq ləvazimatı, pal-paltar, taxıl, un və s. qida məhsulları saxlanılırdı. Ənənəvi sandıq növlərindən olan yaxdan (yağdan) sadəliyi ilə seçilir. Həcminə görə iri olan yaxdanlar evin daxili sahmanında anbar funksiyasını yerinə yetirmiş, ərzaq saxlanılmışdır. Yaxdanlar ölçülərinə görə fərqlənmiş, bu da onların təyinatı ilə sıx bağlı olmuşdur.

Azərbaycan xalq yaşayış evlərinin daxili sahmanında mühüm məişət elementlərindən biri yük yerinin (camaxatanın) olması idi. Qazma və qaradam tipli evlərdə yük yeri daş, kərpic və ya ağac dayaqlar üzərində qurulan yükaltılardan ibarət idi. Yerüstü evlərdə isə bu məqsəd üçün xüsusi düzəldilmiş divar açırımlarından istifadə edilirdi. Yük yeri evin ölçüsündən asılı olaraq iki və ya üç ədəd olurdu. Oraya əsasən yataq ləvazimatı – yoğan-döşək, paltar, ehtiyat saxlanılan gəbə, kilim, palaz, yataq dəsti və s. yığılırdı. Bir sıra hallarda yaxdan yük yeri, yəni camaxatan funksiyası yerinə yetirirdi. Çox vaxt məişət müxəllafatını məfrəş, yaxdan və sandığa yığıb yük yerinə qoyurdular. Bəzən evdə iki və ya daha çox yük yeri olduqda, onlardan ərzaq saxlamaq üçün də istifadə olunurdu. İri yaxdan qoyulmuş yük yerlərinin qabağına, adətən, ipək və pambıq parçalardan tikilmiş saya pərdələr, varlı evlərində isə tikmə naxışlarla bəzədilmiş “zərəndaz” adlanan pərdələr vururdular.

Keçmişdə Azərbaycanda ehtiyat ərzaq tədarükü içərisində maldarlıq məhsulları (ət, yağ, şor, pendir, qurut və s.) mühüm yer tuturdu. Pendir və ya şoru, əsasən, cılğı və motalda, yağı isə qarın və küplərdə saxlayırdılar. İçərisinə yağ doldurulmuş küplərin (bərninin) ağzına qalın parçadan və ya heyvan qarınından sələ bağlayır, təxminən bir metr dərinliyində qazılmış quyularda basdırmaqla qışa saxlayırdılar. Yeyinti məhsulları iri yaxdanlarda da saxlanılırdı. Sadə olsa da belə sandığı usta sandıqsazlar xüsusi olaraq hazırlayırdılar. Taxtadan yığılan yaxdanlar iri formada olurdu. Bəzi yaxdanların qapısına qıfıl vurulurdu.

Xüsusi səriştə ilə hazırlanan yaxdanda gündəlik istifadə üçün çörək, yağ və s. ərzaqlar qoyulsa da, bir sıra hallarda taxıl, un və s. saxlanılır, anbar rolunu oynayırdı. Etnoqrafik məlumatlara görə, qapağı çıxarılmış yaxdan bəzən körpə uşaq üçün çarpayı, oyun yeri rolunu oynayırmış. Uşaq yaxdanın içində oynayır, bu zaman ananın ev işlərini görməsinə imkan yaranırdı.

XX əsrin əvvəllərində yaşamış, Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əsəd Nizamın “Aparma sel, amandı” şeirinin bir bəndində yaxdan barədə məlumat verilir.

Yaxdan dolu əşrəfiydi, qızılıydı,

Sel apardı, əlim-əldən üzüldü.

Başım dəydi daşdan-daşa, əzildi,

Deynən bu il divan-xarac olmasın,

Gələvəndi sıxıb dara salmasın.

Ümumiyyətlə, Azərbaycan bədii ədəbiyyatının müxtəlif nümunələrində yaxdanın sandıqla bərabər mənalarda işlədilməsinə dair çoxsaylı nümunələrə rast gəlinir.

Azərbaycanda yaşayış evlərinin daxili sahmanına anbar vəzifəsini görən kəndi, gündik, saqan, sandıq (yaxdan), çubuq və ya qarğıdan düzəldilmiş, yaxud ipdən düzəldilmiş asılqan, iynə və sap qoymaq üçün iynədan, çıraqban, divara vurulan xalçaların üzərinə bənd edilən müxtəlif naxışlı əl tirmələri və s. məişət əşyaları özünəməxsus rövnəq vermişdir. Yaxdan qaradam, yerüstü ev tipləri ilə yanaşı, müvəqqəti yaşayış evlərində də istifadə olunmuş, səyyar anbar rolunu oynamışdır. Əsasən yaylaqda, müvəqqəti evlərdə istifadə olunan yaxdanların üzərinə dəri çəkirdilər, bu nəmlənmənin qarşısını alır, yaxdan taxt-divan rolunu oynayırdı. Hazırda arxaik söz sayılsa da, Azərbaycanın əksər bölgələrində yaxdan sözü indi də qutu, sandıq mənasında işlədilir.