AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Həvəngdəstə

Nümunənin reyestr kodu : ST0301000002

Keçmiş məişət əşyaları arasında həvəngdəstələr xüsusi yer tutmuşdur. Qədim əkinçilik ənənəsinə görə, taxılı (xüsusilə buğdanı) hələ xırman vaxtında seçərək, xüsusi hörmə və gil qablara doldurur, taxıl quyularına vururdular. Dənli bitkilərdən (buğda, arpa, darı və s. ) un tədarük etmək əhalinin başlıca məişət qayğısı idi. Arxeoloji qazıntılar zamanı əldə edilmiş primitiv dənüyütmə vasitələri (həvəngdəstə, sürtgəc, kirkirə və s.) göstərir ki, ölkəmizin sakinləri əkinçiliyin ilk dövrlərindən başlayaraq un əldə etməyi bacarmışlar. XIX-XX yüzilliyin əvvəllərində taxıl başlıca olaraq su dəyirmanlarında üyüdülürdü.

Həvəngdəstə müəyyən təkmilləşmədən sonra hazırki formasını almışdır. Keçmiş ev məişətində tez-tez təsadüf edilən dibək nisbətən bərk daş növündən yonulub hazırlanırdı. Forma etibarilə o, su daşını xatırlatsa da, ondan xeyli kiçik və dərin olurdu. Dibəyin müxtəlif ölçülü növləri fərqli məqsədlərlə istifadə olunmuşdur. Onun ən kiçik ölçülü növü əzmə məqsədi ilə həvəng kimi istifadə olunurdu. Bu halda ona daş və ya ağacdan dəstək əlavə edilir. Belə halda o, “həvəngdəstə” adlanırdı.

Hələ Neolit dövründə taxılçılıqla əlaqədar geniş inkişaf tapan sadə dən daşları dənüyütmənin əsasını təşkil etmiş, dənüyütmə həvəngdəstələr vasitəsilə icra edilmişdir. Oyuq şəklində yonulmuş daşların içinə dən tökülür və dəstə vasitəsi ilə döyülürdü. Arxeoloji qazıntılar zamanı ibtidai icma dövrünə aid sürtgəclər və dən daşları aşkar edilmişdir. Sadə dən daşları əsasən qayıqvarı, qismən dördkünc, oval və dairəvi quruluşa malik olmuşdur.

Həvəngdəstələr təkcə daş və ağacdan deyil, eyni zamandan metaldan hazırlanmışdı. Məsələn, XII-XIII əsrlərə aid Şabran, Dəbil qazıntılarından tapılan həvəng, Beyləqan və Bakı qazıntılarından aşkarlanan həvəng dəstəyi tökmə üsulu ilə istehsal edilmişdir. Xaricdən səkkiztilli, daxildən isə silindrik forması olan tunc həvəng Şabran qazıntılarından məlumdur. Həvəngin gövdəsində tillər arasında səth rombşəkilli lövhələrlə bəzədilmişdir. Beyləqandan isə misdən tökülmüş həvəng dəstəyi tapılmışdır. İçərişəhər qazıntılarından əldə olunmuş tunc həvəng dəstəyinin işlək tərəfi enli olub, ortası bir qədər qabarıqdır, əks tərəfi isə ovalvari formadadır. İş vaxtı əlin sürüşməməsi üçün ortaya yaxın səviyyədə qabarıq çıxıntı var.

Həvəngdə təkcə taxıl deyil, müalicə məqsədi ilə istifadə olunan bitki kökləri döyülürdü. Həvəngdəstəyə bənzəyən sarımsaqdöyən nisbətən qısa dəstəyə malik idi, sarımsağı dənələyib onun içərisinə tökür və ağac dəstək vasitəsilə döyürdülər.

Yerüstü materiallar və arxeoloji tapıntılar Kür-Araz dövrünü xarakterizə etmək üçün kifayət qədər material vermişdir. Bunlar dən daşları, həvənglər, dəstələr, toppuzlar, oraq dişləri, ox ucluqları və s. ibarətdir. Arxeoloji qazıntılar zamanı əkinçiliklə bağlı əmək alətlərinin, xüsusilə toxalar, dən daşları, sürtkəclər, həvənglər, dəstələr və digər alətlərin aşkar olunması əkinçilik məhsullarının yaşayış yerində emal olunduğunu təsdiqləyir. Dən daşları, həvəng və dəstələr, çəkiclərlə təmsil olunan daş alətlər Kür-Araz mədəniyyəti dövründə, demək olar ki, əsaslı dəyişikliyə uğramamışdır.

Xankəndi kurqanlarından, Nəhəcir yaşayış yerindən (Culfa r.), Sarıdərə yaşayış yerindən (Şahbuz r.), Kərki yaşayış yerindən (Sədərək r.) çoxsaylı həvənglər, dəstələr, dən daşları tapılmışdır. Belə taxıl döymə alətləri (dən daşları, sürtgəc, həvəng və dəstələr) Qarabağdan, Qaraköpəkdən və II Kültəpədən aşkar olunmuşdur. Sonrakı dövrlərə aid arxeoloji qazıntı yerlərindən üzə çıxarılan təsərrüfat quyuları, hovuzlar, həvəngdəstələr, kvadrat və dairəvi formalı daş oymalar səciyyəvi tapıntılardır.

İçərişəhərdən tapılan həvəng dəstəyi tuncdan tökmə yolu ilə hazırlanmışdır. Belə həvəng dəstəyi Orta əsr Beyləqan şəhərindən də tapılmışdır. Onun döymək üçün olan hissəsi enli olub, ortası bir az qabarıqdır. Əks tərəfi ovalvarı formada yumrudur. İş vaxtı əlin sürüşməməsi üçün ortaya yaxın hissəsi qabarıq düzəldilmişdir. Belə metal dəstəkdən müasir dövrdə xalqın məişətində duz, ləpə, qorğa və müxtəlif ədviyyat əzmək üçün geniş istifadə olunur.