Beşik
Nümunənin reyestr kodu : ST0100000002
Beşik Azərbaycanın ənənəvi ağacişləmə sənətinin nümunələrindən biri olsa da, ailə-nikah münasibətlərində, uşağın saxlanmasında mühüm əhəmiyyət daşıyırdı. Keçmişdə körpələr üçün beşik və nənni (yüyrük, iki dayaq arasına parça, ip və ya tordan hazırlanaraq asılmış) ən ümdə məişət vasitələri sayılırdı. Ənənəyə görə yeni doğulmuş körpəni qundaqda anasının yanında salınmış yerə qoyardılar. Vaxtaşırı bələyi açıb qundağı təzələyərdilər. Körpəni 7-10 gündən sonra beşiyə və ya nənniyə qoyardılar. Beşik yırğalanan və ya sabit olurdu. Ən azı 2-3 yaşlarınadək uşaqların çarpayısı funksiyasını yerinə yetirən beşiyin ən mühüm xüsusiyyətlərindən biri onun nəslidən-nəslə keçməsi idi. Atanın, ananın körpə vaxtı saxlandığı beşikdən övladları da istifadə edirdi.
Xalq arasında geniş yayılan adətə görə, təzə doğulan uşaq üçün lazım olan “qırx papağı”, “qırx köynəyi”, kiçik yorğan, döşək, balış, beşik bağı, beşik (yüyrük) və s. gəlinin anası tərəfindən hazırlanmalı idi. Böyük şənliklərdə müşayiət olunan bu adət uşağın qırxının çıxması günü icra olunur, “beşikbağlama” adlanırdı. Bu zaman uşağı görməyə gələn yaxın qohum-qonşular imkanları daxilində uşağın adına və uşaq sahibinə hədiyyələr (uşaq paltarı, parça, corab, pul və s.) verirdilər. Həmin gün gəlinin anası qohum-əqraba ilə birgə qızı evinə gəlir, uşaq üçün hazırladığı beşiyi və yataq dəstini də gətirirdi. Uşaq beşikdə vəziyyətini dəyişib yıxılmasın deyə, onu beşiyə enli və əlvan parçadan ucu qotazlı və ya ilgəkli-qaytanlı hazırlanan “beşik bağı” vasitəsilə bağlayırdılar. Beşiyi, bir qayda olaraq, həyatda xoşbəxt ömür sürmüş, əməli-saleh, ağzı dualı, nəvə-nəticəli ağbirçək bağlayırdı. “Beşik bağlama” adəti böyük qonaqlıq süfrələri ilə tamamlanır, yeni doğulan körpəyə xoşbəxt ömür, xeyir-dualar arzulanırdı.
Azərbaycanda bəzən “qız bəyənmə” və “oğlan görmə” adətlərinə ehtiyac olmurdu. Bu, xalq arasında “beşikkərtmə” (“beşikkəsmə”) adlanan adətin icrası ilə bağlı idi. Adətə görə, oğlanın və qızın valideynləri övladlarını hələ beşikdə ikən adaxlayırdılar. Bir çox hallarda övlad həsrəti çəkən kişilər, arzuları yerinə yetərsə, övladlarını bir-biriylə evləndirməyi əhd edərdilər. “Beşikkəsmə”, həqiqi mənada kəbin olmasa da, bir növ rəmzi nikah idi. Valideynlərlə bərabər bütün qohum-əqraba bilirdi ki, “beşikkəsmə” olan uşaqlar böyüdükdə evlənib ailə quracaqlar. “Beşikkəsmə” adəti həm mənəvi, həm də iqtisadi səbəblərlə bağlı idi. İqtisadi səbəb böyük ailələrdə və patronimik qruplarda var-dövlətin parçalanmasına yol verməmək, varidatın bir nəslin daxilində saxlanması zərurəti ilə əlaqədar olmuşdur. Mənəvi səbəb qohumluq əlaqələrinin, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə izah edilir. “Beşikkəsmə” adəti zamanı oğlan və ya qız uşaqları hələ beşikdə, yəni qundaqda ikən onların valideyləri sövdələşib uşaqlarını bir-birinə deyikli edir, bunun təsdiqi kimi qızın beşiyinə kərt (nişan) qoyudular. “Beşikkərtmə” sözü də buradan yaranmışdır.
Ağacdan düzəldilən beşik ailə məişəti üçün səciyyəvi olan ən qədim uşaq yatacağı (çarpayı) tipidir. Beşiyin uzunluğu təxminən bir metr, eni və hündürlüyü isə yarım metr olurdu. Ayaqlığı yarımdairəvi taxta, yaxud taxta lövhədən düzəldilirdi. Bu onun yırğalanmasını təmin edirdi. Beşiyin baş və ayaq tərəflərində sağanaq qövslər düzəldilir, qövslərin zirvələri qalın olmayan taxta tutacaqla birləşdirilirdi. Beşiyin yerliyi də taxtadan düzəldilirdi. Yerliyin ortasında, ayaq tərəfə yaxın dəlik qoyulur. Bu dəliyə silindirik saxsı qab (küpə, sibinc) və “düdük” (lülə) qoyulurdu. Lülə (düdük) vasitəsilə körpənin sidiyi sibincə axırdı. Şəki-Zaqatala bölgəsində həmin küpəyə “silvinc” (silminc, sepinc, qada) deyilir. Qarğıdan hazırlanan vasitəni azərbaycanlılar “düdük”, udilər “şolod”, ingiloylar “şaşuti”, avarlar “muşu” adlandırırlar. Silvinc qoyulmuş beşikdə uşağın altı həmişə quru və təmiz qalır.
Ağacdan düzəldilmiş cürbəcür məişət əşyaları kimi beşik də, adətən, zərif oyma nəqşlərlə bəzədilirdi. Beşik hazırlayarkən usta əl kərkisi, ayaq kərkisi, oyma üçün istifadə edilən “xarrat dəzgahı”, məmulatın yonulub hamarlanmasında dartı və rəndə, oyuq açmaq üçün burğu (burov), lobur, matqab və müxtəlif formalı isgənələrdən istifadə edirdi. Xarratlar hazırladıqları məmulatları formaya salmaq və onlara bəzək vermək üçün lisə, əydi, tişə, xətkeş və s. əmək alətindən istifadə edirdilər.
-
Ailə və ailə məişəti
2007
-
Azərbaycan toyu
Elçin Aslanov
2003
-
Azərbaycan dilində toy mərasimi leksikası
Könül Dənziyeva
2012
- Tərtibçi və biblioqrafiya