AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəbbadə

Nümunənin reyestr kodu : FO0105000003

Kəbbadə qədim tarixi olan zorxana oyunlarından biridir. Bu oyunda istifadə olunan idman aləti kəbbadə, zəbrək, zəncirkaman adlanır. Bu, təxminən 15-45 kq ağırlığında olan, dəmirdən hazırlanmış, dəstəyin ucları çox da qalın olmayan zəncir çillə ilə bir-birinə bağlanmış yaydır. Oyun vaxtı səs salsın deyə zəncirə müxtəlif dəmir qırıntıları quraşdırılır. Oyun iştirakçılarına xalq arasında kəbbadəgir, zənciroynadan deyilir. Oyunda ifaçılar sağ əli ilə alətin zəncir çilləsini, sol əli ilə dəstəyin ortasından tutub gah sağ, gah sol qollarını büküb açır, yaxud alətin başı üstə qaldırıb, sağdan-sola, soldan-sağa, çiyindən-çiyinə atır, bəzən isə onu baş və bədənə keçirirlər. Zəncirin iti qırıntıları idmançının sifət və bədəninə toxunmamalıdır. Zəncirin ritmik səsi zurna səsləri ilə ahəng təşkil edir. Mürşüd ifaçıların hərəkətlərini ucadan sayır, oyunu oxuma ilə müşayiət edir. Qaydaya görə, aləti yüz yetmiş dəfədən az oynatmaq olmaz.

Kəbbadə oyununun sonunda ən təcrübəli kəbbadəgir və yaxud miyandar özü çərxi kəbbadə və yaxud tənövrə adlanan çox mürəkkəb bir oyun ifa edir. O, yerində dövrə vura-vura, idman alətini başı üstə hərlədərək tədricən boynundan qurşağa qədər endirir, sonra bu yolla onu ayağı üstə çatdırır və yerə salır, sonra alətin içinə keçib yenə cəld hərəkətlərlə əvvəl beli və başına kimi qaldırır və nəhayət başı üzərindən çıxarır.