AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pəhləvan güləşi

Nümunənin reyestr kodu : FO0105000004

Zorxana oyunları ənənəvi olaraq, güləş yarışı ilə bitir ki, bu yarışmada bütün pəhləvanlar çıxış etməlidir. Yarışın ən qədim ənənəvi adı küştidir ("güclü" sözündəndir). Tamaşa ünsürləri ilə zəngin olan bu yarış hər bir pəhləvan üçün böyük sınaq və əsas örnək yeri olmuşdur. Güləşçi pəhləvanlar küştigir adlanır, adət üzrə çəki dərəcələrindən asılı olmayaraq kiçik (beçəküştigir), orta (miyanə pəhləvan) və ən tanınmış, iqtidarlı (ustad) pəhləvanlara ayrılırdılar.

Güləş oyununda pəhləvanlar mürşüdün işarəsi ilə meydana çıxır, "cəngi" sədaları altında dairə boyu var-gəl edir, əzələlərini oynadır, müxtəlif akrobatik hərəkətlər icra edirdilər. Əvvəlcə mürşid küşti sənəti vəsfinə güliküşti adlanan ənənəvi zorxana mahnısı ifa edərdi. Mahnı oxunan zaman pəhləvanlar bir-birinin bədənini piyləyərdilər. Sonra pəhləvanlar güləşə dəvət olunardılar. Bu mərasim səla adlanırdı. El arasında işlənən "Səla çağırmaq" ifadəsi o zamandan qalmış, güləşə çağırmaq, "meydan oxumaq" mənasındadır. Pəhləvanlar qarşı-qarşıya dayanaraq, öyünə-öyünə rəcəz adlanan hədə-qorxulu şer və ya mahnı ifa edərdilər. Rəcəzin ürvay adlanan başqa bir növü də vardır. Xalq içində ona hərbəzorba da deyərdilər. Mürşidin işarəsi ilə, cəngi sədaları altında güləşmə başlayırdı.

Zorxana güləşi zaman keçdikcə daha mükəmməl şəkil almış, müxtəlif fəndlərdən istifadə olunmuşdu. Bu güləşin daha bir cəhəti burada tamaşa ünsürlərinin yarış cəhətlərinə nisbətən daha qabarıq olması idi. Belə ki, musiqi sədaları ilə müşayiət olunan güləş zamanı pəhləvanlar taktiki mübarizədən çox fəndlərin daha effektli olmasına üstünlük verir, bu fəndləri daha gözəl işlətməkdə bir-birinə imkan yaradırdılar. Hər bir uğurlu fənd tamaşaçıların gurultulu alqışları ilə qarşılanırdı. Zorxana pəhləvanlarının işlətdiyi fəndlər sonradan sirklərdə keçirilən fransız güləşində, eləcə də idman güləşinin yunan-roma, sərbəst növlərində geniş istifadə olunurdu. "Ayaqçaldı", "qurdqapanı", "yaxapaça", "köpəyquyruğu", "tülküquyruğu", "miyangir", "paçabənd", "pişling", "topuqqapma", "çəngəl" və sair güləş fəndlərinin adı dəyişsə də, bir çox fəndlər olduğu kimi müasir idman növlərində də istifadə olunur. Güləşdə qalib gələn üstün, məğlub olan sınqın adlanar, heç-heçəyə isə xurcuntayıdüşmə deyərdilər. Çox zaman pəhləvanlar bədənlərini piylə yağlayırdılar ki, bu da güləşməni daha mürəkkəb və maraqlı edirdi. Ən qüdrətli pəhləvanlar məğlubedilməzlik rəmzi kimi dizlərinə və dirsəklərinə güzgü bağlayırdılar. Xalq içində belə pəhləvanlar məhəbbət və iftixarla "aynalı pəhləvan" adlanırdı.

Küşti iştirakçıları tünükə adlanan, çox qalın, davamlı parçadan tikilərək gödək şalvara bənzəyən dizlik-tuman geyərdilər. Bunun da üzəri tikmələrlə bəzənir, bəzi hissələri isə incə dəri və ya meşindən tikilirdi. Geyimin lifəsinin uclarında keçi tükündən əyrilib qızılı və gümüşü güləbətin sapından toxunmuş qotazları olan tumanbağısı da olurdu. Pəhləvanın gövdəsi və dizdən aşağı hissəsi açıq qalır, çox zaman ənənəvi olaraq bellərinə küsti adlanan kəndir bağlayırdılar.

Zorxana oyunları Azərbaycanda bir çox adlı-sanlı, yenilməz, güclü pəhləvan nəsli yetişdirmişdi. XVIII əsrin sonlarında Çində, Hindistanda, İranda, Misirdə şöhrət tapmış Şirvanlı Məhəmməd, XIX əsrin əvvələrində Zaqafqaziyada, Dağıstanda, İranda şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəl oğlu, onun şagirdi Məşədi Əbdüləli Axundov ("Altıaylıq pəhləvan"), Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Balaxanlı Sar Pənçi, Bakılı Şonu Abdulla, Əhmədli Məmməd ata-baba zorxanası üzrə xüsusi şöhrət qazanmış pəhləvanlar idi. Şonu Abdulla XIX əsrin əvvəllərində Bakıda Qız qalası yanında zorxana binası təsis etmiş, orada ilk miyandar olmuş, 116 illik ömrünü zorxana sənətinə həsr etmişdir. Şonu ləqəbi şomu sözündəndir. Abdulla şomu qutabı xoşladığı, bir oturuma bir tabaq qutab yeməsi ilə xalq içində məşhurlaşdığı üçün, belə bir ləqəb qazanmışdı.

Zorxanalarda sevimli pəhləvanlara ləqəb vermək dəb idi. Onların qəribə adları da bununla izah olunurdu: Qatırçı Mirzə, Hilali Pəhləvan (Əli Himmət), Zorba Rzaqulu, Xapış Məmmədəli, Axmaq nəvəsi İsrafil, Çopur Sayadoğlu, Balabançıoğlu Məhəmməd və sair. Tamaşaçıların sevimlisi Altıaylıq ləqəbli Əbdüləli idi. Bu ləqəb ona doğrudan da altıaylıq doğulduğu üçün verilmişdi. Tamaşa bitdikdən sonra pəhləvanlardan biri meydana çıxıb özünə rəqib dəvət edər, meydan sulayardı. Adətən bu çağırışları Altıaylıq edərdi. O, ucaboylu, enli kürəkli, arıq bir gənc idi. Başını ülgüclə qırxar, uzun qara bığ saxlayardı. Təbəssüm çöhrəsindən əskik olmazdı. O, sonda meydanın ortasına atılar, əlini sinəsinə qoyaraq tamaşaçılara təzim edərdi. Tamaşaçılardan güləşmək istəyən olurdusa, o, dərhal meydandaca soyunardı. Azərbaycanda pəhləvanlarla güləşməyə Əfqanıstandan Haddi Mübarək, İrandan İbba pəhləvan, Əli Məhəmməd, Dağıstandan Yusuf Zaali, Gürcüstandan Sandro və bir çox başqaları gəlirdilər.

Zorxana sənəti Azərbaycan mədəniyyətində silinməz iz qoymuş, milli xarakterin formalaşmasında, idmanın, xüsusilə sirk sənətinin inkişafında əvəzsiz rol oynamışdır. Bakıdakı zorxananı Şonu Abdullanın ölümündən sonra onun oğlanları idarə edirdilər.