Ənzəli
Nümunənin reyestr kodu : FO0104000002
Oğlanlar arasında oynanılan məşhur oyunlardan biridir. Azərbaycan müxtəlif bölgələrində oynanılan bu oyun iştirakçılardan xüsusi cəldlik və çeviklik tələb edir. Oynanıldığı bölgədən asılı olaraq “Ənzəli-xan”, “Molla haray”, “Molla-molla” və sair adlarla da tanınır. Oyunçuların sayında elə bir məhdudiyyət yoxdur, iştirakçılar 5-6 nəfər və ya daha çox sayda ola bilər. Oyunun oynanılma qaydası belədir:
Oyunçulardan biri ortada yatır və əlini dizinə qoyaraq beli əyilmiş şəkildə durur. Digər oyunçular isə sıra ilə bir tərəfdə düzülür, həmin dəstənin başında duran şəxsə “molla” deyilir. Molla “Ənzəli xan, ənzəli” deyib əli ilə təkan verərək yatan şəxsin belindən tullanır. Dəstənin digər üzvləri də növbə ilə onun dediyi sözləri təkrar edib yatan şəxsin üstündən tullanır. Bəzi oyunçular həmin sözləri təkrarlamadan, sadəcə, “mollam deyəndir” deyərək də tullana bilərlər. Tullanan oyunçular artıq əvvəlki yerlərinə qayıtmır, bu dəfə əks istiqamətdən tullanırlar. İkinci gedişdə oyunçular “ikidə xan rəhbəri” deyərək tullanırlar. Bəzən yatan şəxs rəqib oyunçunu yıxmaq üçün hiylə işlədir: onun tullanmaq istədiyi məqamda özünü yerə yıxır, tullanan şəxs də müvazinətini saxlaya bilməyib yıxılır. Həmin şən zarafatdan sonra yatan şəxs ayağa durur, tullanan şəxs yenidən öz hərəkətini uğurla yerinə yetirdikdən sonra növbəti mərhələyə keçilir. Üçüncü gedişdə Molla “üçdə bir yan vurarlar” deyib tullanır. Bu dəfə oyunçular elə tullanmalıdırlar ki, onların yalnız yanları yatan oyunçunun kürəyinə dəyməlidir. Dördüncü gedişdə oyunçular “dörddə yanbız əzərlər” deyib yatan şəxsin arxasına təpik vuraraq tullanırlar. Beşinci gedişdə “beşdə quluc qırarlar” deyib tullanırlar. Bu mərhələdə oyunçular yumruqları sıxılı vəziyyətdə təkan verərək yatan şəxsin kürəyindən tullanırlar. Altıncı gediş “əl dəyər, ətək dəyməz”dir. Bu mərhələdə oyunçular elə tullanmalıdırlar ki, heç birinin paltarı yatan şəxsə sürtünməsin. Yatan şəxs də belini bir qədər dik tutur ki, tullanan şəxs üçün daha çətin olsun. Əgər hansısa oyunçunun paltarı yatan şəxsə sürtünərsə, bu səfər o yatmalı olur. Bununla əlaqədar olaraq oyun da yenidən başlayır. Yeddidə oyunçular “keçi girdi bostana”, səkkizdə “vurdum qılçın sındırdım” deyərək tullanırlar. Səkkizinci gedişdə oyunçular bir-bir yatan şəxsin qılçına təpik vuraraq tullanırlar. Doqquzuncu gedişdə “apardılar həkimə”, onda “həkim dedi, yox, bala”, on birdə “aparın basdırın torpağa”, on ikidə “a hırnızı, hırnızı”, on üçdə “üç dəfə hərlən, vur məni” deyərək tullanırlar. Sonuncu gedişdən sonra yatan şəxs üç dəfə fırlanaraq yerdən götürdüyü ayaqqabı ilə qaçan oyunçulardan birini vurmağa çalışır. Kimi vursa, bu dəfə həmin şəxs ortada yatır.