Dirədöymə
Nümunənin reyestr kodu : FO0104000007
Gənclər və yeniyetmələr arasında oynanılan qədim oyunlardan biri olub, oyunçulardan güc, cəldlik və dözüm tələb edir. Əsasən yaz mövsümündə, təbiətin oyandığı dövrdə oynanılmışdır. Şirvan bölgəsində “Toqqamərə”, Naxçıvanda “Cızıq tutması”, Muğan bölgəsində “Cızıqdan çıxma”, Bakıda “Qayışaldı”, bir çox bölgələrdə isə “Dirədöymə” adı ilə tanınır.
Oyunun oynanılma qaydası belədir: Tərkibi 5 oyunçudan (4 oyunçu da ola bilər, bu zaman köməkçi olmur, hər kəs öz kəmərini qoruyur) ibarət iki komandaya bölünüb, yerdən böyük bir dairə çəkilir. Komandalardan hansının xəttin içərisində, hansının kənarda qalmasına müəyyən etmək üçün püşk atılır. Püşkə görə dairənin içərisinə düşən komanda üzvlərindən dördü xəttin içərisində dayanmaqla hər biri ayağının altına bir kəmər qoyur və həmin kəməri kənardakı komanda oyunçularının götürməsindən qoruyur. Beşinci oyunçu isə komandanın kapitanı kimi bütün yoldaşlarını nəzarətdə saxlayır, şəraitə uyğun onların kəməri saxlamalarına və rəqibin ayaqla vurulmasına kömək edir. Xətdən kənarda qalanlar kəmərləri götürməyə çalışırlar. Dairədəki oyunçular isə kənardakıları ayaqla vurmağa, kəmərləri götürməyə yol verməməyə çalışırlar. Dairənin içərisində olanlar kənardakı oyunçulardan birini və ya bir neçəsini ayaqla vursa, içəridəki komanda kənara çıxır, kənardakılar isə içəriyə girirlər.
Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu özü kənarda saxlayarsa və ya digər bir oyunçu yoldaşına həvalə edib saxladarsa, onun qoruduğu sahibsiz qalmış kəmərin götürülməsi asanlaşır. Bu vaxt içəridəki oyunçular həm öz kəmərlərini, həm də çöldə əsir olan komanda yoldaşının kəmərini qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər kənardakılardan birini tutub xəttin içinə çəkərək ayağına toxunsa, komandalar yerlərini dəyişməli olur. Dairədən kənardakı oyunçulardan biri kəməri (və ya kəmərləri) ələ keçirsə, xəttin içərisində olan oyunçuları kəmərlə vurub, ayaqları altındakı kəmərləri kənara çıxarıb götürməyə çalışırlar. Kəmərlərin hamısı götürüldükdə içəridəkiləri kəmərlə döyürlər.
Dairədən çıxıb qaçmaq, ondan kənarda oyunçunu vurmaq qadağandır. İçəridəkilərin ayaqlarından biri xətdən kənara çıxmamaq şərti ilə rəqib oyunçunu digər ayağı ilə vurana qədər kənardakı oyunçular içəridəkiləri kəmərlə döyürlər. İçəridəkilər kəmərlə vurularkən kəmər rəqib komandadan alınarsa onlar da kəmərlə özlərini qoruya bilərlər, kəməri kəmərə və yaxud oyunçunun əl-ayağına dolaşdırıb içəri çəkə bilər və onları döyə bilərlər. Əgər içəridəki oyunçu ayağı ilə kənardakı oyunçulardan birini belə vurarsa, komandalar yerlərini dəyişərək oyunu yenidən başlayırlar.