AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kirkirə

Nümunənin reyestr kodu : ST0300000002

Su dəyirmanları meydana çıxana qədər Azərbaycanda ən məhsuldar dənüyütmə vasitəsi əllə fırladılan kirkirə sayılırdı. Kirkirə buğdanı yarma еləmək üçün istifadə оlunurdu. İbtidai insanlar kirkirə ilə buğdanı yarma halına salıb оnu süddə və ya suda bişirirdilər. Kirkirədə buğda ilə yanaşı, qarğıdalını, çəltiyi üyüdüb un halına salmaq olur, yaxud duz narın hala gətirilirdi.

Kirkirənin alt və üst daşları 30-50 santimetr diametrində, 8-10 santimetr qalınlığında olurdu. Alt daşın mərkəzindəki deşiyə 10-12 sm uzunluqda çubuq dəstək çaxılırdı. Alt daşla eyni diametrdə olan üst daşda isə iki deşik açılırdı. Ortada olan deşik alt daşın ortasına salınan ağaca keçirilirdi. Həmin deşiyin diametri çubuq dəstəkdən bir qədər böyük olurdu. Arada qalan boşluqdan ovuclayıb buğda, arpa, çəltik tökürdülər. Kənarındakı deşiyə çaxılan dəstək vasitəsi ilə üst daş asanlıqla fırladılırdı. Gün ərzində kirkirədə 20-25 kiloqram dən üyütmək mümkün olurdu.

Əl ilə dairəvi hərəkət etdirilən kirkirə forma və quruluş etibarı ilə başlıca dənüyütmə vasitəsi olan dəyirman daşı ilə eyni idi. Əslində tipoloji baxımdan dəyirman daşı kirkirədən törəmə olub onun davamı kimi meydana gəlmişdir. Təsadüfi deyil ki, köçmə təsərrüfatda un hasil etmək üçün başlıca üyütmə vasitəsi olduğundan çox vaxt kirkirə “əl dəyirmanı” adlanırdı. Bu fakt bir daha onların arasında mənşə əlaqəsindən soraq verir.

Kirkirə və dəyirman daşları yalnız ölçülərinə görə bir-birindən fərqlənirdi. Bunların hər ikisi girdə və yastı formada olub ortası oyuq şəkildə yonulub düzəldilirdi. Bundan əlavə, kirkirəni fırladan dəstək dəyirman daşında təvərənin köməyi ilə üst daşını fırladan mərkəzi oxa çevrilmişdir.

Bəzi bölgələrdə kirkirə və əl dəyirmanı fərqləndirilmişdir. Əl dəyirmanının alt və üst daşları kirkirə ilə müqayisədə daha böyük olduğundan kirkirəni bir nəfər, əl dəyirmanını bəzən 2 nəfər fırladırdı. İşləmə qaydasına görə, həm kirkirə, həm də dəyirman daşının alt daşı sabit qalırdı. Bütün bu xüsusiyyətlər dəyirman daşının tipoloji cəhətdən kirkirədən törəndiyi və onun tipoloji davamı olduğuna dəlalət edir.

Kirkirədə üyüdülməmişdən əvvəlcə buğda yaxşı qurudulurdu. Kirkirənin dəstəyinin yanındakı deşikdən tökülən buğda əzilərkən ilkin mərhələdə yarma halına salınır, sonra narın, daha sonra isə un halına düşürdü. Yəni kirkirədə buğdadan un alınması üç mərhələdən keçirdi. Dənin yaxşı üyüdülməsi üçün də daşlar vaxtaşırı təmizlənirdi. Bu daşlarda üyüdülən undan bişirilən çörəyin, xüsusilə də yuxanın gözəl qoxusu olmaqla yanaşı, həm də xeyli yumşaq qalır, gec xarab olurdu. Kirkirədə çəltik də üyüdülmüşdür. Digər dənli bitkilərdən fərqli olaraq, çəltik döyülüb bəlimdən çıxarılandan sonra sərilib qurudulur və təkrar dibək və ya ding vasitəsilə döyülüb qılafdan təmizlənirdi. Bütün bu proseslər bitəndən sonra dənli bitkilər kirkirə və ya dəyirman vasitəsilə üyüdülüb yarma, yaxud un halına salınırdı.

Azərbaycan ərazisində tapılmış arxeoloji materiallar göstərir ki, burada taxılın, çəltiyin üyüdülməsi üsulları sadədən mürəkkəbə doğru inkişaf etmiş, ibtidai insanlar hələ Neolit dövründən başlayaraq dən daşlarından istifadə etmiş, əkinçiliyin inkişafı nəticəsində dən daşları ilə yanaşı əl dəyirmanları-kirkirələr geniş yayılmışdır. Azərbaycanın qədim yaşayış məskənlərindən və qəbir abidələrindən aşkar edilən çoxlu sayda dən daşları, kirkirələr bu dənüyütmə vasitələrinin məişətdəki əhəmiyyətini təsdiqləyir. Arxeoloji qazıntılar zamanı qədim Qəbələ şəhərinin yaxınlığındakı Yaloylutəpədə əl dəyirmanlarının tapılması hələ m.ə. I minillikdə burada kirkirədən geniş istifadə edildiyini göstərir. Albaniyanın digər yaşayış yerlərindən tapılmış taxıl üyüdən alətlər də Eneolit dövrünə aid oxşar alətlərdən ciddi şəkildə fərqlənmir.

XX əsrin ortalarınadək kirkirə demək olar ki, hər bir kəndli evində var idi. Azərbaycanın bir sıra bölgələrində “əl dəyirmanı” adı ilə tanınan kirkirələr təkcə forma və quruluşuna görə deyil, habelə işləmə prinsipinə görə də su və ya qoşqu, (həngli) dəyirmanlarından seçilmirdi.