AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Heykəltəraşlıq

Nümunənin reyestr kodu : SV0100000001

Azərbaycan heykəltəraşlığı qədim daşoyma sənətinin əsasında yaranmış zəngin ənənələrə malik əsas təsviri sənət növlərindən biridir. Heykəltəraşlıq, bir qayda olaraq, yonma, yapma və tökmə vasitəsilə yaradılır. Təsviri sənətin həcmli növü olmaqla müstəvi xarakterli digər təsviri sənət növlərindən fərqlənir. Heykəltəraşlıq dairəvi və müstəvi (relyef) növlərinə bölünür. Dairəvi tip tam, yarım tam və büst, müstəvi tip relyef, barelyef, qorelyef və kontrrelyefdən ibarətdir. Həmçinin heykəltəraşlıq monumental (iriölçülü) və dəzgah (kiçik ölçülü) tiplərinə ayrılır. Monumental əsərlər açıq səma altında qoyulur və ətraf memarlıq-landşaft mühiti ilə üzvi surətdə əlaqələndirilir. Dəzgah heykəltəraşlığı, əsasən interyerdə yerləşdirilir və mühitlə bilavasitə əlaqədar olmur. Monumental heykəllər, adətən, sərt (tunc, mərmər, daş və s.), dəzgah heykəlləri isə plastik, yaxud davamsız (gips, gil, ağac və s.) materiallardan hazırlanır.

Arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif yerlərində (Mingəçevir, Naxçıvan, Mil düzü, Abşeron və s.) tunc və erkən dəmir dövrlərinə aid daş, gil, sümük və sairdən düzəldilmiş çoxlu sayda kiçik və orta ölçülü heykəllər, həmçinin relyef nümunələri tapılmışdı. E.ə. I minilliyin sonu – eramızın ilk əsrlərində mənşəcə qədim türk abidələri ilə bağlı olan nisbətən iri ölçülü daş heykəllər düzəldilirdi. Daha çox düzənlik və dağətəyi zonalarda ucaldılan daş heykəllər ayin xarakteri daşıyıb qədim inancları əks etdirirdi. Orta əsrlərdə və qismən yeni dövrdə animalistik və zoomorf abidələr – daşdan at, qoç fiqurları, quş, heyvan və s. formalı gil qablar yayılmışdı.

XX əsrin əvvəllərindən etibarən Azərbaycanda peşəkar heykəltəraşlıq inkişaf etdirilməyə başlamışdı. Hələ Xalq Cümhuriyyəti dövründə incəsənətin, o cümlədən heykəltəraşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdu. İlk heykəltəraşlardan Zeynal Əlizadə, sənətşünas Məhəmməd Ağaoğlu bu sahədə xeyli iş görmüşdülər.

1920-ci ildə Bakıda yaradılmış Rəssamlıq məktəbində heykəltəraşlıq bölməsi də fəaliyyət göstərirdi. Müsəlman Şərqində ilk monumental şəxsiyyət heykəli olan M.Ə.Sabirin abidəsi də 1922-ci ildə Bakıda ucaldılmışdı (1958-ci ildə həmin heykəl şairin Cəlal Qaryağdının yaratdığı hazırkı abidəsi ilə əvəz olunmuşdu). XX əsrin 20-30-cu illərində keçmiş SSRİ-nin digər respublikalarından dəvət olunmuş sənətkarlarla yanaşı, İbrahim Quliyev, Zivər Məmmədova kimi yerli heykəltəraşlar da yaradıcılığa başlayırlar. Tezliklə ölkədə gənc və istedadlı Azərbaycan heykəltəraşları nəsli formalaşır. Bu dövrdə yetişmiş Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Mirələsgər Mirqasımov, Həyat Abdullayeva və başqaları həm monumental, həm də dəzgah heykəltəraşlığı nümunələri yaratmışdılar.

Müasir dövrdə Azərbaycan heykəltəraşlığı Ömər Eldarov (H.Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc), Tokay Məmmədov (Koroğlu, Bakı, 2012, tunc) kimi klassiklərlə yanaşı, Fuad Salayev (R.Behbudov, Bakı, 2016, tunc), Fazil Nəcəfov (Q.Qarayev, Bakı, 2014, qranit), Akif Əsgərov (akad. Y.Məmmədəliyev, Bakı, 1998, tunc), Natiq Əliyev (Zivər bəy Əhmədbəyov, Bakı, 2011, tunc), Görüş Babayev (Dədə Qorqud, Bakı, 2013, tunc) və başqalarının yaradıcılığı ilə təmsil olunur. Müstəqillik dövründə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yaddaqalan heykəllər qoyulmuşdu. Şərif Şərifovun Gəncədə (Həyat ağacı, 2015, tunc), Elman Cəfərovun Naxçıvanda (Dədə Qorqud, 1999, tunc) ucaltdığı monumental əsərləri maraqlı kompozisiya həlli ilə seçilir. Azərbaycanın bir çox heykəltəraşlarının ölkəmizin hüdudlarından kənarda da əsərləri ucaldılmışdı. Ömər Eldarovun(Ü.Hacıbəyli, Vyana, Avstriya, 2006, tunc, mərmər), Səlhab Məmmədov və Əli İbadullayevin (Nizami Gəncəvi, Roma, İtaliya, 2012, tunc), İmran Mehdiyevin (Xurşudbanu Natəvan, Vaterloo, Belçika, 2016, tunc) yaratdığı əsərlər məhz bu qəbildəndir.