AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sənətkarlıq

Nümunənin reyestr kodu : S00000000001

Azərbaycanda sənətkarlıq

Azərbaycanın zəngin təbii xammal ehtiyatı (ağac, gil, daş, mineral boyaqlar, əlvan və qara metallar, yabanı lifli bitkilər), əkinçilik və maldarlıq məhsulları (yun, gön-dəri, sümük, kətan, pambıq, ipək və s.) çox qədim zamanlardan burada müxtəlif sənət sahələrinin meydana gəlməsinə əlverişli şərait yaratmışdı. Çoxəsrlik tarixi inkişaf nəticəsində daşişləmə, dulusçuluq, ağacişləmə, misgərlik, dəmirçilik, zərgərlik, dabbağlıq, papaqçılıq və kürkçülük, başmaqçılıq və çəkməçilik, sərraclıq, həsirçilik, şalbaflıq, keçəçilik, xalçaçılıq, toxuculuq, boyaqçılıq, bəzzazlıq, şərbaflıq, bədii tikmə kimi sənət növləri yaranmışdı.

Daş dövründən həyat şəraiti üçün zəruri olan vasitələrin, xüsusilə ərzaq məhsullarının əldə olunması və istehlakı üçün iti qəlpələr verən sərt daş növlərindən kəsmək, çapmaq, deşmək, qaşımaq və s. məqsədlərlə bəsit əmək alətləri düzəldilmişdi. Ənənəvi sənət sahələrinin ən qədim növü olan daşişləmə sənətinin ilk bəsit əmək alətləri qəlpələmə texnikası əsasında, zərbə üsulu ilə çaxmaq daşından hazırlanmış çapacaq tipli kobud çapma alətlər, dişəkləmə və gəzləmə üsulu ilə düzəldilmiş qaşov, iskənə, biz və bıçaqlar idi. Əkinçilik və maldarlığın inkişafı neolit dövründə təşəkkül tapmağa başlayan dulusçuluq və toxuculuq kimi sənət növlərinin inkişafını sürətləndirmişdi. Ərzaq tədarükü, süd məhsullarının emalı gil qabların çeşidinin artmasına və istehsal texnologiyasının təkmilləşməsinə gətirib çıxarmışdı. Lifli bitkilər əkininin genişləndirilməsi və qoyunçuluğun inkişafı isə hörmə işindən yun toxuma məşğuliyyətinə keçməyə imkan vermiş, toxuculuğun müxtəlif sahələrinin yaranmasına və sənətdaxili ixtisaslaşmanın dərinləşməsinə səbəb olmuşdu. Dəmirin kəşfindən sonra daşişləmə sənətinin daş üzərində oyma, hörgü inşaat texnikasının meydana gəlməsi nəticəsində isə bənnalıq, daşyonma, həkkaklıq, xəttatlıq kimi yeni sahələri yaranmışdı.

Ağacişləmə sahəsində dülgər, şəbəkəçi, nəccar, xarrat, çanaxçı, qudaqsaz, sandıqsaz, sazbənd və s. peşələr mövcuddur.

Saxsı məmulatı istehsalında başlıca yeri dulus çarxı tutur. “Əl” və “ayaq” çarxı olmaqla, dulus çarxının iki növünə təsadüf edilir. Əl çarxı vasitəsilə hazırlanan qablar “oyma” və “piçənə” kimi iki üsulla formalaşdırılmışdı. Dulusçuluq sənəti mərkəzlərində ayaq çarxının yastı və konusvarı olmaqla iki forması geniş yayılmışdı.

Metal məmulatının ayrı-ayrı növləri üzrə ixtisaslaşmanın dərinləşməsi tökməçilik, misgərlik, zərgərlik, dəmirçilik, silahsazlıq, bıçaqçılıq, çilingərlik və s. kimi müstəqil sənət sahələrinin formalaşmasına səbəb olmuşdu.

Ənənəvi yun məmulatı istehsalında məişət əhəmiyyətinə və iqtisadi səmərəsinə görə xalça-palaz istehsalı mühüm yer tutur. Xalça-palaz məmulatı istehsal texnikasına görə xovlu (ilməli) və xovsuz (ilməsiz) olmaqla iki qrupa ayrılır. Xovlu xalçalar bədii kompozisiya tərtibatına görə, ornamental və süjetli xalçalara, xovsuz xalça məmulatı isə istehsal texnikasına və istifadə məqsədinə görə palaz, kilim, vərni, sumaq, şəddə, ladı, çul, məfrəş, çuval, xurcun, heybə, duz torbası və s. növlərə ayrılır.

Tarixən sənət istehsalı başlıca olaraq şəhərlərdə cəmlənmişdi. Müxtəlif sənət sahələrində çalışan ustalar şəhər və kənd əhalisinin sənət məhsullarına olan zəruri ehtiyaclarını maksimum ödəməyə çalışırdılar. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda 50-dən artıq sənət növü mövcud idi. Həmin dövrdə kustar sənət və xırda əmtəə istehsalı səciyyəsi daşıyan bir sıra spesifik sənət növləri (xalçaçılıq, şərbaflıq, şalbaflıq, bəzzazlıq, misgərlik, silahsazlıq, dəmirçilik, xarratlıq və s.) labüd surətdə kənd yerlərində də geniş yayılmışdı.

Müasir dövrümüzdə Azərbaycanın müxtəlif bölgələrində min illərlə yaşı olan bu sənət növlərinin əksəriyyəti öz zəngin ənənəsini davam etdirir.