AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qəbələ

Rayon haqqında məlumat

Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olub, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənub-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqayisə olunur. 2400 illik tarixi olan, qədim “İpək yolunun” üstündə yerləşən Qəbələ şəhərini eramızın I əsrində yaşamış Roma alimi Böyük Plinini Kabalaka, yunan coğrafiyaşünası Klavdi Ptolemey (II əsrdə) Xabala, Ərəb tarixçisi Bəlazuri (IX əsr) isə Xəzər adlandırmışdır. İlk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) "Gülüstani-İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir. XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ mahalı adlandırılırdı. 1841-ci ildə Çar Rusiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək quberniya və qəzalarla əvəz olunmuş və bu dövrdə Qəbələ rayonu Yelzavetapol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.
 
Rayon ərazisində 90-dan çox maddi mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur. Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxeoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır. Böyük Əmili kəndində eramızdan əvvəl I minilliyə aid daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid Alban kilsəsi (məbəd), Nic qəsəbəsində antik dövrə aid Nekrapol, Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimal-qərbində yerləşən VII əsrə aid Komurad məqbərəsi, Qəbələ şəhərindəki Büdxana qalıqları, XVIII əsrə aid 8 güşəli məscid, XIX-XX əsrlərin başlanğıcında inşa edilmiş Cümə məscidi, XIX əsrə aid İ.B.Qutqaşınlının ev muzeyi və məzarüstü abidəsi rayonun "tarixi inciləri" olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir.
 
Rayonda görkəmli Azərbaycan yazıçısı, hərbi və içtimai xadim İ.B.Qutqaşınlının 1985-1986-cı illərdə ev muzeyi yaradılmış və yazıçının məzarüstü abidəsi yenidən işlənmişdir. 1988-ci ildən rayon mərkəzində respublikada ən zəngin tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. 2006-cı ildə isə rayon mərkəzində görkəmli dövlət xadimi, 30 ildən artıq ölkəyə rəhbərlik etmiş ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əbədiləşdirən muzey və elektron kitabxana açılmışdır. Qəbələ Azərbaycan ədəbiyyatına, elm və mədəniyyətinə İsmayıl bəy Qutqaşınlı, (1806-1869) İbrahimbəy Musabəyov (1880-1942), Umnisə xanım Musabəyova (1902-1974), Yusif Musabəyov (1910-1970), Vahid Qəhrəmanov (1900-1978), Məcid Mərdanov (1913-1982), Xəlil Əlimirzəyev (1918-1976), Ələkbər Kərimov (1910-1983), Əşrəf Əlimirzəyev (1910-1982), Cahangir Qəhrəmanov (1927-1995) kimi onlarca görkəmli şəxsiyyətlər bəxş etmişdir. Qəbələdə bir nəfər AMEA-nın akademiki, 4 nəfər AMEA-nın müxbir üzvü, 1 nəfər Parisdəki Beynəlxalq Tarix və Fəlsəfə Akademiyasının müxbir üzvü, 20 nəfərdən çox elmlər doktoru, 100 nəfərdən çox elmlər namizədi yetişmişdir.
 
Qəbələ rayonu ərazisində 93 daşınmaz tarix və mədəniyyət abidəsi movcuddur. Bu abidələrdən 1-i dünya əhəmiyyətli, 31-i ölkə əhəmiyyətli, 61-i isə yerli əhəmiyyətlidir. 17 abidə memarlıq, 69 abidə arxeoloji, 4 abidə dekorativ-tətbiqi sənət nümunəsi, 2 abidə isə bağ-park, monumental və xatirə abidələrinə aiddir. Rayonda Cəlil Məmmədquluzadə adına xalq teatrı, Bum qəsəbə Mədəniyyət Evi nəzdində “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı, dirijor maestro Niyazinin təşəbbüsü ilə 1969-cu ildə yaradılmış Qəbələ Rayon İncəsənət Məktəbi fəaliyyət göstərir. 1980-ci ildə yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin əsas fondunda Qəbələnin 2400 illik tarixini əks etdirən 13000 eksponat mühafizə olunur. Arxeoloji, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları xüsusilə diqqəti cəlb edir. Muzeyin İ.B.Qutqaşınlının xatirə ev muzeyi və Şəhidlər muzeyi filialları yaradılmışdır. Muzeyin 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası və qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası vardır. 

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.