AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mingəçevir

Şəhər haqqında məlumat

Mingəçevirin yaşayış məntəqəsi kimi tarixi çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olmuş, yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olmaqla özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Mingəçevirdə ilk dəfə 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən tədqiqat işləri aparılmışdır. O, Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeoloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim S.M.Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmışdır. Daha 2 yaşayış yerinin və 4 böyük qəbiristanlığın aşkar edildiyi bu kompleks Cənubi Qafqazda ən iri arxeoloji kompleksidir. Arxeoloji qazıntılar zamanı eneolit dövründən başlayaraq XVII əsrədək ayrı-ayrı tarixi dövrləri özündə əks etdirən 20 mindən artıq maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur. Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII əsr türk səyyahı Evliya Çələbi "Səyahətnamə"sində Mingəçevir haqqında məlumat verərkən, onun Kür çayının sağ sahilində Bozdağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi olduğunu qeyd edir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olmasından xəbər verir.
 
İpək yolunun üzərində yerləşən Qədim Mingəçevirdən qayıqlarla Kür çayı vasitəsilə Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz ətrafı şəhərlərə müxtəlif çeşidli mallar daşınmışdır. Arxeoloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Mingəçevir XVIII-XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində Kür çayı üzərində ən münasib keçid kimi öz əhəmiyyətini qoruyub saxlamışdır.
 
Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa dünya şöhrətli tarixçi və coğrafiyaşünasların əsərlərində rast gəlmək olur. Burada miladdan əvvəl I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz müasir bəndin ərazisində Pompeyin qoşunlarını gözləmişlər.
 
"Mingəçevir" toponiminin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Bir mülahizəyə görə, toponimin yaranması ərəblərlə əlaqədardır. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal olunur ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır. Mərhum akademik Z.Bünyadov “Mingəçevir” sözünü 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırtmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkədəsi Mingincəvr Əl-Fərqaninin adı ilə bağlayır. T.Hacıyev isə Mingəçevirin “minki” və “savir” tayfa adlarının birləşməsindən yarandığını bildirir: Minkisavir-Minkicavir-Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır. Mingəçevir, Mingə, Mincivan, Muğan və Urmiyyə yer adları belə bir həqiqəti təsdiq edir ki, Azərbaycan xalqının etnik mənşəyi, adı, ötəri təsadüflər üzərində deyil, zəngin və çoxsaylı monolit doğma el qatları üzərində qurulmuşdur.

Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri