AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağstafa

Rayon haqqında məlumat

Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-ci ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 86 529 min nəfərdir (01.01.2017). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.

Ağstafa rayonu Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir. Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax və Qarayazı düzləri), cənub-qərb və şimal-şərq hissələri alçaq dağlıqdır. Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. İqlimi mülayim isti, quru subtropikdir. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Yovşanlı-şoran-otulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır.

Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

Rayonun Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.