AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağcabədi

Rayon haqqında məlumat

Ağcabədi rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Rayonun mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi şəhəri Ağdam dəmiryol stansiyasından 45 km, Bakıdan 300 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərində yerləşir. Ağcabədi rayonu 1 qəsəbə, 44 kənddən ibarətdir. Respublikanın ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədinin ərazisi 1756 kv.km, əhalisi 134656 nəfərdir. Rayonda qədim türk tayfaları - Qaradolaq, Avşar, Bayat, Kəbirli, 32-lər tayfaları məskunlaşmış və onların adı ilə bağlı kənd adları bu günə qədər yaşamaqdadır.

Ağcabədi sözünün mənası iri məskən (ağca - iri, badi - məskən, qəsəbə) deməkdir. Rayon ərazisində aşkar edilmiş eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı buranın qədim yaşayış məskənlərindən biri olduğunu göstərir. Tarixçilər rayon ərazisindən axan Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunduğunu ehtimal edirlər. Həmin arx XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunmuşdur. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlı qəbirstanlıqlara da rast gəlmək mümkündür.

Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir. Rayonun şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayon ərazisindən, həmçinin Yuxarı Qarabağ və Xan qızı kanalları keçir. Ərazidə şor sulu göllər var. Rayonda boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmış, mərkəzi hissədə isə şor və şorakət torpaq sahəsinə təsadüf olunur. Bitkiləri çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri vardır. Rayon ərazisində yerləşən Ağgöl Milli Parkında 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınmışdır. İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 - 1,7 C, avqustda isə 25-30 C-dir.
 
Rayonda məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır. Rayon ərazisində 216 idarə və müəssisə, 5 bank filialı, 4 bank olmayan kredit təşkilatı, 2 rabitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. Ağcabədi rayonu ərazisində ən iri müəssisələrdən  “Atena” MMC, “BMS-Aqro” MMC, “Aqat Aqro” MMC, “Qarabağ Taxıl” MMC,”Azaqro-Taxıl” MMC, “MKT-İK” Ağcabədi pambıq emalı zavodu, “CTS-Aqro” MMC pambıq emalı zavodu ,“MKT-İK” MMC İnnovasiya filialı fəaliyyət göstərir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri