AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sumqayıt

Şəhər haqqında məlumat

Sumqayıt şəhəri Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşir. Şəhərin ərazisi 0,094 min kvadrat kilometr, əhalinin sayı 341.2 min nəfərdir. Sumqayıtda, həmçinin 52.9 min nəfər məcburi köçkün də məskunlaşmışdır. 1 kvadratmetrə düşən əhalinin sıxlığı 3630 nəfərdir. Əhalinin etnik tərkibinə gəldikdə, azərbaycanlılar 95,7%, rus 1,7%, ukraynalı 0,3 %, tatar 0,3%, yəhudi 0,1% və digər xalqların nümayəndələri 1,9% təşkil edir. Torpağı günəşli, iqlimi quru və yarımsəhradır. Şəhər ərazisindən Sumqayıt çayı axır. Havanın ən aşağı temperaturu -13°C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40°C avqust ayında qeydə alınmışdır. Havanın illik orta temperaturu +14,4°C-dir. Yay fəslində torpaq səthinin temperaturu +60°C-yə çatır. Yağıntılar əsasən payız-qış mövsümlərində olur. Yaz və yay ayları quraq keçir. İldə 247 mm yağıntı düşür.

Sumqayıt şəhərinin yeni salınmasına baxmayaraq, ərazinin tarixi daha qədimdir. Eramızdan əvvəl VII əsrdə bu ərazidə midya tayfalarının məskən saldıqları ehtimal olunur. İndiki İcra Hakimiyyətinin binası üçün qazılan bünövrədən qədim saxsı məmulatların, qabların və sikkələrin aşkar olunması da burada qədim şəhərciyin olduğunu deməyə əsas verir. Şəhərin adıyla bağlı bir neçə əfsanə məlumdur. Bu əfsanələrdən birində deyilir ki, qədimdə bu ərazidən bir karvan keçirmiş. Karvanda bir-birini sevən iki gənc - Sum adlı oğlan və Ceyran adlı qız varmış. Karvandakı su ehtiyatı qurtardığı üçün susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa gedir. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “Sum, qayıt, Sum, qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da, buna nail ola bilmir. Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmiryol stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.

Sumqayıt şəhərinin cənub hissəsindən “Samur-Abşeron” kanalı keçir. Bu kanalın suyu “Ceyranbatan Su Anbarı” hövzəsinə tökülür. Çay həmişə quru olur, yalnız aprel və may aylarında güclü yağışlardan sonra su ilə dolur. Rayon ərazisində təbii bitki örtüyü əsasən yarımsəhra xarakterli yovşan və bataqlıq otundan ibarətdir.

Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılan Sumqayıt Şəhərinin Tarixi Muzeyi 43 ildir ki, şəhər sakinlərinə, qonaqlara mədəni xidmət göstərir. 2 noyabr 1967-ci ildə S.Vurğun küçəsindəki 132 saylı yaşayış evinin birinci mərtəbəsində ilk tamaşaçılarını qəbul etmiş muzey 1500 eksponatla şəhərin 18 illik tarixinə az da olsa işıq sala bilmiş, bir il sonra əsas və elmi-köməkçi fondlarda qorunan eksponatların sayını əvvəlki göstəriciyə nisbətdə xeyli artıraraq 1828-ə çatdırmışdır. Muzeydə ərazinin qədim tarixindən başlayaraq XX əsrin 40-cı illərində əsası qoyulmuş şəhərin müasir dövrə qədər zaman kəsiyinə işıq tutulur.


Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.