AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şuşa

Şəhər haqqında məlumat

Hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri vardır. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin”. Dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi və Qarabağ xanlığının paytaxtı bura köçürdü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı.

Mövcud materialların təhlili göstərir ki, Şuşanın bir şəhər kimi formalaşması üç mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi olan “Təbrizli” məhəlləsi salınmışdı. Qarabağ xanlığının ləğv edilməsinə qədər bu adla tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çöl qala. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan Aşağı məhəllədən fərqli olaraq bu məhəllənin ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə küçə. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisinə Qarabağ xanlığının Rusiya tərəfindən işğalından sonra - 1805-ci ildən başlanılmış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəlləyə məxsus Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqa küçələrin adını çəkir.

Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə qədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca surətlə artmasına gətirib çıxartdı. Təkcə onu göstərmək kifayətdir ki, Şuşada əhalinin ümumi sayı arataraq 1897-ci ildə 25.881 nəfərdən 1913-cü ildə 42.568 nəfərə çatdığı halda, azərbaycanlıların sayı (10 min nəfər) faktiki olaraq dəyişməz qalmışdı. XIX əsrin sonu - XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Belə ki, burada 1870-ci ildən 1917-ci ilə qədər baş vermiş 23.924 nəfər əhali artımının 9.400 nəfəri təbii artımın payına düşdüyü halda, 14.524 nəfəri mexaniki artımın, daha doğrusu, köçkün ermənilərin payına düşmüşdü. Çar hökumətinin himayədarlığı ilə Şuşada say üstünlüyünə nail olan ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlılar üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı daha böyük vəhşiliklər törətdilər. Bu dəfə onlara ruslar da köməklik göstərirdilər.

M.S.Ordubadi yazır ki, 1906-cı il iyun ayının 12-də “bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində erməni [məhəllələrinin] sərhədində olan bütün müsəlman evləri yandırılıb top zərbələri ilə dağıldı”. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet dövlətinin başçısı N.S Xruşşovun təşəbbüsü ilə rayonların iriləşdirilməsi siyasətinin həyata keçirilməsindən DQMV-nin erməni rəhbərliyi Şuşaya qarşı istifadə etdi. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı.Yalnız N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.

1970-ci ildə şəhərdə yaşayan 13.664 nəfər əhalinin yalnız 3577 nəfərini ermənilər təşkil edirdi. Sonrakı illərdə bu tendensiya daha da güclənmişdi. 1989-cu ildə Şuşada yaşayan 20.579 nəfər əhalinin cəmisi 1.377 nəfəri ermənilərdən ibarət idi. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə H.Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün oldu. Respublikanın yeni rəhbəri ilk növbədə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər gördü. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s. musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi. H. Əliyevin təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Ü.Hacıbəyovun, Bülbülün, X.Natəvanın, M.M.Nəvvabın ev muzeyləri təşkil olundu. 1982-ci ilin yanvarında M.P.Vaqifin məqbərəsi açıldı. Hündürlüyü 20 m olan bu gözəl incəsənət əsəri incə və naxışlı şəbəkə ilə bəzədilmiş, ona qırmızıya çalan yerli mərmərdən üz çəkilmişdi. Lakin Şuşada başlanmış bu dinc quruculuq işləri uzun çəkmədi. 8 may 1992-ci ildə şəhər erməni vandalları tərəfindən işğal edilərkən amansız şəkildə dağıdıldı. Hazırda erməni işğalı altında olan Şuşa azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir.

Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.