AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yevlax

Şəhər haqqında məlumat

Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Yevlax rayonu Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ildə təşkil olunmuşdur. 1962-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə rayon statusu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, rayonun mərkəzi isə respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır. Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir.
 
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlik ərazidə, qədim İpək yolunun üzərində yerləşir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi vardır. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir.
 
Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir. Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir. Yevlax rayonunun ümumi ərazisi 1465.4 kv metrdir. Əhalinin ümumi sayı 127.448 nəfərdir. Yevlax şəhərində 68835 nəfər, kəndlərində (Aran qəsəbəsi də daxil olmaqla) 58613 nəfər əhali yaşayır (01 yanvar 2010-cu il tarixə). Yevlaxda bir şəhər, 2 qəsəbə və 47 kənd vardır.
 
Yevlax rayonu ərazisində Yevlağın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid edilən Qoçtəpə kurqanı rayonun Qaraməmmədli ilə Rüstəmli kəndləri arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi - Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazisi orta əsrlərdə Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin ətraf ərazisi bu gün də Ərəş kimi tanınır və qədim şəhərə yaxın kənd Ərəş kəndi adlanır. Yevlax-Bərdə magistral yolunun təxminən 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır. Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın torpaq örtüyü fasilələrlə 3 ilə tökülüb başa çatdırılmışdır. Xaldan kəndinin 3-4 km-də antik dövrə təsadüf edən Alban sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid  olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.
 
Yevlax şəhərində bir çox mədəniyyət sahələri fəaliyyət göstərir. Rayon əhalisinə 45 kitabxana xidmət göstərir. Onlardan 10-u şəhərdə, 35-i kəndlərdədir. Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi, milli musiqi mədəniyyətimizin öyrənilməsi ilə 18 mədəniyyət evi (2-i şəhərdə, 17-i kəndlərdə), 22 klub və 6 musiqi məktəbi məşğul olur. Yevlax şəhərində 2 muzey fəaliyyət göstərir. Ulu öndərimiz Heydər Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev muzeyi 2006-cı ildə inşa edilmişdir. Tarixi əhəmiyyətə malik əşyaların toplandığı Tarix-Diyarşünaslıq muzeyi 2005-ci ildən fəaliyyət göstərir.
 
Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Yevlaxdan 219 nəfər şəhid olmuş, 18 nəfər itkin düşmüşdür. Azərbaycan torpaqlarının və dövlətçiliyimizin müdafiəsində göstərdikləri şücaətə görə Əsədov Malik Hamil oğlu, Nəcəfov Fəxrəddin Vilayəddin oğlu, Mədətov Fariz Əlövsət oğlu Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri