AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yardımlı

Rayon haqqında məlumat

Yardımlı 1920-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılmışdır. 1930-cu ildən rayon statusu alaraq Vərgədüz, 1938-ci ildən isə Yardımlı adlandırılmışdır. Yardımlı sözü qədim “Yardəm” şəhərinin adı ilə bağlıdır. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında verdiyi xəritədə “Yardəm” şəhərini Ərdəbil şəhərindən şimalda - indiki Yardımlı rayon ərazisində göstərmişdir. Yardımlı rayonu İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir. Ərazisi – 667 km2, əhalisinin sayı – 65 200 nəfər (01.01.2017), yaşayış məntəqələrinin sayı - 1 şəhər və 87 kənddən ibarətdir. Yardımlı rayonunda Qız qalası, Çüzünqala, Moranqala, Abi-dərdə türbəsi, Alar mağarası kimi tarixi abidələr vardır.
 
Rayon respublikamızın paytaxtı Bakı şəhərindən 304 km aralıda yerləşir. Ərazinin təxminən üçdə biri - 20536 hektarı meşəlikdir. Torpaq zonaları dağ-çəmən, qonur və qəhvəyi dağ-meşə torpaqlarından ibarətdir. Torpaqların tərkibi gillicə, orta gillicə, ağır gillicədir. Rayonun ən böyük və ən uzun çayı uzunluğu 111 km olan Viləş çayıdır. Viləş çayının qolları - Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları (ən yüksək zirvəsinin hündürlüyü 2490 metrdir), Peştəsər sıra dağları (ən yüksək zirvəsinin hündürlüyü 2244 metrdir), Buravar sıra dağları ilə əhatələnir. Rayonda qışda yumşaq, yayda isti iqlim hakimdir. Orta illik temperaturu +11,9°C, yağıntının miqdarı – 586 mm, külək qərb-cənub, orta surəti – 1,6 m/san-dir, qrunt sularının dərinliyi – 4,5 metr, seysmik dərəcəsi – 7 baldır.
 
Rayonda 89 mədəniyyət obyekti - 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 uşaq musiqi məktəbi, 1 şəhər və 1 kənd mədəniyyət evi, 1 rayon kinoteatrı, 2 şəhər və 24 kənd klubu, 1 rayon mərkəzi kitabxana və 57 kənd kitabxanası fəaliyyət göstərir. Bu müəssisələrdə 140 işçi çalışır. Rayonda 42-si tam orta, 22-si ümumi orta, 16-sı ibtidai məktəb, 3-ü məktəbəqədər və 5-i məktəbdənkənar olmaqla 80 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan əlavə, rayonda S.İbişov adına Yardımlı peşə məktəbi də fəaliyyət göstərir ki, burada elektrik-qaz qaynaqçısı, traktorçu-maşinist, elektrik mantyoru, çilingər, ferma operatoru və arıçılıq ixtisasları üzrə kadrlar hazırlanır. 

Rayona aid qeyri-maddi mədəni irs nümunələri