AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəmkir

Rayon haqqında məlumat

Şəmkir rayonu Kiçik Qafqazın şimal-şərq yamacında – Gəncə-Qazax düzənliyində yerləşir. Əverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə bölgədə erkən əkinçi-maldar qəbilələr yurd salmış, burada tunc və dəmir dövrlərində, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində - eneolit dövrünə aid Keçili yaşayış yeri, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələr (Osmanbozu, Qaracəmirli kurqanları), son tunc dövrünə aid Bitdili yaşayış yeri, alban dövrünə aid Alıqoca, II Keçili, Qanlıtəpə, Həsəntəpə, Tülkütəpə, Sarıtəpə, Saqqızlı, Üzümlütəpə yaşayış yerlərində və s. öz əksini tapmışdır.
 
Araşdırmalar göstərir ki, Şəmkir şəhəri Kür çayının sağ qolu olan Şəmkir çayının sahilində, çaydan 120 m aralıda salınmışdır. Şəhər qala yerinin sahəsi 28 ha olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsi ilə birləşdirilmişdir. Bu körpünün qalıqları dövrümüzə qədər qalmaqdadır. Buradan tapılmış maddi-mədəniyyət abidələri və yazılı qaynaqlar qədim dövrdə və orta əsrlərdə Şəmkir ərazisində şəhər mədəniyyətinin formalaşdığını sübut edir. Bu şəhər Cənubi Qafqazda ticarət yollarının üzərində yaranmış, inkişaf etmiş, Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır. Rayonun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji qazıntılar burada yaşayış yerinin miladdan əvvəl I minilliyin ortalarında salındığını göstərir və erkən ellinizm dövrünə aid maddi mədəniyyət qalıqlarını özündə əks etdirir.
 
Azərbaycan tarixçisi A.Bakıxanov Şəmkirin yaranmasını və etimologiyasını Təbəristan hökmdarı Şəmkir bin-Ziyadın adı ilə bağlı olmasını qeyd edərək, bu sülalənin 150 il müddətində İranın, o cümlədən Cənubi Qafqazın bir çox əyalətlərini fəth etdiyini, bu sülalənin ikinci hökmdarı olan və 935-967-ci illərdə şahlıq etmiş Şəmkir bin-Ziyadın Gəncə yaxınlığında şəhər saldırdığını və onu öz adı ilə adlandırdığı haqqında məlumat verir. Əslində bu mülahizə tarixi faktlarla uyğun gəlmir. Belə ki, Şəmkirin adına X əsrdən xeyli əvvəlki dövrlərə aid mənbələrin hamısında rast gəlinir. Görünür, A.Bakıxanov adların zahiri oxşarlığına əsaslanaraq belə bir nəticəyə gəlmişdir. VII əsr hadisələrini əks etdirən ərəb müəllifləri Əl-Bəlazuri, İbn-əl-Fəqih və digərləri öz əsərlərində Şəmkür şəhərinin adını çəkmiş və onu qədim şəhər kimi xarakterizə etmişlər. Bütün bunlar göstərir ki, Şəmkir VII əsrdən əvvəl mövcud olmuşdur. Orta əsr ərəb və fars mənbələrində Şamkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir.
 
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bütün ölkənin, o cümlədən Şəmkirin həyatında mühum hadisə oldu. Əslən Şəmkirdən olan məhşur şair Əhməd Cavadın poeziyası istiqlaliyyət dövrünün simvoluna çevrildi. AXC Şəmkirin əhəmiyyətini nəzərə alaraq xüsusi Şəmkir qəzası təsis etməyi qərara almışdı. Lakin bolşeviklər tərəfindən 1920-ci il 28 aprel işğalı ilə AXC-nin süqut etməsi buna imkan vermədi.
 
Sovet hakimiyyətinin ilk dövrlərində də Şəmkir antisovet çıxışların mərkəzlərindən biri olmuşdur. 1930-cu il martın 17-18-də Şəmkirin Bitdili kəndində (hazırda Yeniabad kəndi) Sovet Rusiyasının zorakı kollektivləşdirmə siyasətinə qarşı Bitdili imamı adı ilə məlum olan çıxış baş verdi. Bununla yanaşı XX əsrin 30-cu illərinin repressiyası da Şəmkirdən yan keçməmiş, istiqlal şairimiz Əhməd Cavad da repressiyanın qurbanlarından olmuşdur. İkinci dünya müharibəsi illərində şəmkirlilər faşizmə qarşı mübarizədə böyük qəhramanlıqlar göstərmişlər. Məhz ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş azərbaycanlı İsrafil Məmmədov (1919-1946) əslən şəmkirli idi.
 
Şəmkirin geniş sosial-iqtisadi potensialına baxmayaraq, müharibədən sonrakı dövrdə ondan kifayət qədər istifadə olunmurdu. Bu sahədə əsaslı dönüş ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) başladı. Şəmkirdə xalq təsərrüfatının bütün sahələrində canlama baş verdi. Şəmkir SES silsiləsinə daxil olan Şəmkir (1982) və Yenikənd (2000) SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyevin Azərbaycan strategiyasının mühüm tərkib hissələrindəndir. Şəmkirdəki böyük  quruculuq işlərində burada yaşayan və çalışan insanların əmək hünəri də böyük rola malik idi. Bu dövrdə Maral Quliyeva (1971-ci il), Nəzixə Zeynalova (1981-ci il) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.
 
Şəmkir rayonu ərazisində yerləşən Azərbaycan mədəniyyəti və tarixini özündə əks etdirən mədəni-tarixi abidələr də mühüm əhəmiyyət kəsb edir. Bunlardan xüsusi olaraq Muxtariyyə kəndində VI-VII əsrlərə aid Şəmkir qalası, Şəmkir körpüsü, XI əsrə aid Şəmkir minarəsi, Şəmkir şəhər xarabalığı, Yuxarı Seyfəli, Tatarlı kəndində “Qız qalası”, Yeni Həyat kəndində XVIII əsrə aid “Didvan” bürcü, Dağ-Daşbulaq kəndində yerləşən Alban abidəsi, Pir daha çox diqqət çəkir. Zəyəm çayı üzərindəki körpü, Şəmkir şəhərində “Koroğlu” qalası, 1909-cu ildə inşa edilmiş Alman kilsəsi (Şəmkir şəhəri) əsrlərə sirdaş, tariximizin zəngin yaddaşıdır. Bir sözlə Şəmkir tarixlə müasirliyin vəhdətini özündə əks etdirən Vətənimizin dilbər guşəsidir desək, yanılmarıq

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.