AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sədərək

Rayon haqqında məlumat

Sədərək rayonu 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu almışdır. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayon cənub-qərbdən Türkiyə Cümhuriyyəti, şimal-qərbdən Ermənistan Respublikası, cənub-şərqdən isə Şərur rayonu ilə həmsərhəddir. Rayonun ərazisi, əsasən, düzənlikdən ibarət olub Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar dağ silsilələri ilə əhatə olunmuşdur. Türkiyə ilə Sədərək arasında sərhəd boyu Araz çayı axır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən "Ümid" körpüsü tikilmiş, Gömrük keçid məntəqəsi yaradılmış və Türkiyədən Sədərəyə yüksək gərginlikli elektrik xətti çəkilmişdir.
 
Sədərək rayonu Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir. Heydərabad qəsəbəsinin əsası 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, 2000-ci ildə qəsəbə statusu almışdır. Qaraağac kəndi isə 1997-ci ildə Sədərək kəndindən ayrılaraq müstəqil inzibati ərazi vahid kimi formalaşmışdır. 1990-cı ildən işğal altında olan Kərki kəndinin əhalisi məcburi köçkün kimi respublikamızın müxtəlif yerlərində məskunlaşmışdır. 1990-1993-cü illərdə erməni silahlı birləşməsi Sədərək üzərinə 14 dəfə güclü hücum etmiş, 500-ə yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıntılara məruz qalmışdır. Rayon ilk şəhidini də Sədərəyin müdafiəsi zamanı vermişdir.
 
Sədərək rayonu cənub-şərqdən Dəhnə və Vəli dağ yüksəklikləri ilə Şərur düzündən ayrılır. Şimal-qərbdən Ağrı düzənliyi ilə birləşir. 800-940 metr yüksəkliyə malik olan Sədərək düzü cənuba və qərbdən-şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı üçün istifadə olunur. Rayon ərazisində düzənlikdə allüvial-prolüvial, dağlıq hissədə Devon, qismən də Tabaşir çöküntüləri yayılmışdır. Burada gil, mərmərləşmiş əhəngdaşı yataqları və təzahürləri, mineral su yataqları vardır. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuqdur. Ərazidən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır. Əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində çəmən-ot bitkiləri inkişaf etmişdir.
 
Sədərək, əsasən, kənd təsərrüfatı rayonudur. Taxılçılıq, üzümçülük, meyvə-tərəvəzçilik və maldarlıq inkişaf etmişdir. Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, 1 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
 
Sədərəyin cənubunda yerləşən qədim yaşayış yeri eneolit və ilk tunc dövrünə, Araz çayının sol sahilində yerləşən yaşayış yeri orta əsrlərə, Sədərək mağarası və Divhörən qədim tarixi abidələri tunc dövrünə, Kərki kəndinin cənub-qərbində yerləşən qədim yaşayış yeri və qəbiristanlıq m.ö. II minilliyə aid edilir. Vəli dağı silsiləsi üzərində yerləşən Çapacaq kurqanının, həmçinin "Ağ oğlan" ziyarətgahının tarixi də çox qədimlərə gedib çıxır.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri