AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Samux

Rayon haqqında məlumat

Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli qərarı ilə keçmiş Səfərəliyev rayonunun bazasında təşkil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux adlandırılmış və ona şəhər statusu verilmişdir. 

Samux rayonu öz adını xarabalıqları XX yüzilliyin başlanğıclarına qədər Samux meşələrində qalan eyni adlı şəhərdən götürür. Bu şəhərin ərazisi Qanlı Qobu ilə Qabırrı vadisi arasındakı ərazini əhatə edirdi. Tədqiqatçılar Samux toponiminin alban mənşəli olduğunu, meşəlik, ov yeri anlamına gəldiyini bildirirlər. Bəzi mənbələrdə isə Samux sözü üç çayın (Kür, Qabırrı, Alazan) birləşdiyi yer mənasında izah olunur.

2017-ci ilin əvvəlinə rayon əhalisinin sayı 57.3 min nəfər olmuşdur ki, onun da 21.8 min nəfərini şəhər, 35.5 min nəfərini kənd əhalisi təşkil etmişdir. Son siyahıyaalınmaya görə rayon əhalisinin 97,88 faizini azərbaycanlılar, 0,07 faizini ruslar, 0,54 faizini türklər, 1,40 faizini kürdlər və 0,11 faizini digər millətlər təşkil edir. Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır. Ərazisi 1455 kv.km-dir. Ondan 1082 kv.km. dövlət fond torpaqları, 82 kv.km. bələdiyyə, 133 kv.km xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayonda 708 kv.km kənd təsərrüfatına yararlı torpaq vardır ki, ondan da Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi vardır. Bunlardan 1-i şəhər, 5-i qəsəbə və 29-u kənddir.

Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Bozdağ massivinə düşməklə, şimalda Alazan vadisi ilə əhatə olunmuşdur. Rayonun ərazisindən Kür, Qabırrı (İori), Alazan (Qanıx), Gəncə və Qoşqar çayları keçir. Samux rayon ərazisində Qabırrı çayının sol sahilində, dəniz səviyyəsindən 400-600 metr yüksəklikdə “Elləroyuğu” adlanan dağ silsiləsində 392 ha sahədə təbii halda yayılmış, yalnız bu ərazidə rast gəlinən nadir Eldar şamı (Pinuş eldarika) meşəliyi yayılmışdır. Belə bir unikal sahə Qafqaz təbiətində ilk olaraq “Eldar Şamı” meşəliyi kimi hələ 1910-cu ildə qoruq ərazisi elan edilmişdir. Həmin ərazidə “Qırmızı kitab”a daxil edilmiş Eldar şamı ilə yanaşı qiymətli ardıc və saqqız ağacları da mövcuddur. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə saxlanılması məqsədi ilə 2004-cü ildə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə “Eldar Şamı” Dövlət Təbiət Qoruğu yaradılmışdır.
 
Rayonda 12 mədəniyyət evi, 14 klub, 34 kitabxana və 3 Uşaq Musiqi Məktəbi, 35 məktəb, həmçinin 1 Uşaq-Gənclər Şahmat məktəbi, 1 Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, 1 Uşaq Yaradıcılığı Mərkəzi, 1 Uşaq-Gənclər İdman Məktəbi və 1 Gənc Texniklər Mərkəzi fəaliyyət göstərir. 2007-ci ildə isə rayon ərazisində Heydər Əliyev Mərkəzi yaradılmışdır. 

Rayona aid qeyri-maddi mədəni irs nümunələri