AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Salyan

Rayon haqqında məlumat

Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr vardır. Elmi tədqiqatlara əsasən demək olar ki, türk dilli tayfaların içərisində «sal» tayfası olmuşdur. Onlar bir zamanlar Volqaboyu sahillərdə yaşamış, həmin ərazidəki düzənliklərdən biri «Sal» düzənliyi adlanır. Bundan əlavə Şərqi Avropa düzənliklərindən axan Don çayının qollarından biri «Sal» çayı adlanır. Salyan yaşayış məntəqəsi keçmişdə bu ərazidə məskən salmış «Sal» tayfasının adını daşıyır. Ticarət yollarının üstündə yerləşdiyi üçün XVII-XVIII əsrlərdə İrana, Rusiyaya gedən ticarət yükləri bu şəhərdən keçmişdir. Salyandan İrana, Rusiyaya, dünyanın bir çox ölkələrinə satmaq üçün balıq, kürü, tənbəki, ağ və zolaqlı bez aparılırdı. XVIII əsrdə Salyanda Zərbxana olmuş və burada gümüş, mis pullar kəsilmişdir. XX əsrin əvvəllərində burada illik istehsal gücü 3-4 min tona çatan 3 xırda pambıqtəmizləmə müəssisəsi, kiçik istilik-elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana yaradılmışdır. Belə ki, 1863-cü il kameral siyahıya alınmadan aydın olur ki, şəhərdə 1292 ev, 10634 nəfər sakin olmuşdur. Salyan XIX əsrdə Cavad qəzasının, bütünlüklə Muğan-Salyan zonasının inzibati idarəçilik və mədəni mərkəzi olmuşdur. 1916-cı ildən şəhər hesab olunan Salyan 1916-cı ildən 1930-cu ilə kimi Qəza Mərkəzi olmuşdur. Salyan rayonu isə 1930-cu ildə yaradılıb.

Salyan rayonu ərazisində günümüzə qədər gəlib çıxan ölkə əhəmiyyətli 7 arxeoloji, 11 yerli əhəmiyyətli abidələr mövcuddur. Bu maddi mədəniyyət nümunələri tarixi kecmişimizə güzgü salmaqla ərazinin necə qədim olmasını və ulularımızın hansı şəraitdə yaşamasından xəbər verən qiymətli tapıntılardır.

Rus-tatar məktəbinin müəllim kollektivinin təşəbbüsü ilə Salyanda 1881-ci ildə Muğanın maarif mərkəzi funksiyasını yerinə yetirən ilk qiraətxananın yaradılmışdır. İlk ictimai qiraətxana isə 1903-cü ildə xalq müəllimləri Mirzə Əziz Babazadə və Mirzə Yaqub Əlizadənin təşəbbüsü və dəstəyi ilə yaradılmışdır.

Milli-mədəni tariximizi əks etdirən nadir tarixi eksponatların qorunub saxlanılmasında muzeylərin, xüsusən Tarix-Diyarşünaslıq muzeylərinin rolu danılmazdır. Əli bəy Hüseynzadə adına Tarix-Diyarşünaslıq muzeyi uzun illərin məişətindən, yaşam tərzindən, gün-güzəranından xəbər verən maddi sübut və eksponatlar əsasında tariximizin şanlı səhifələrinə çıraq tutan məkandır. 1981-ci il yanvarın 10-dan fəaliyyət göstərən bu muzeyə 1991-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən görkəmli ictimai xadim Ə.Hüseynzadənin adı verilib.

Salyan rayon Heydər Əliyev Muzeyi 10 avqust 2006-cı ildə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb istifadəyə verilmişdir. Muzeyin yaranmasında məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq etmək, öyrənmək və ictimaiyyətə çatdırmaqdır. İllər ərzində muzey fəaliyyət dairəsini genişləndirərək, öz nəzdində müxtəlif dərnəklər, kitabxanalar və s. şəbəkələrin yaradılmasına nail olmuşdur.

Salyan Dövlət Kukla Teatrı isə 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. Ümumiyyətlə, Salyanda teatr ənənələri daha qədimdir. 1944-1949-cu illərdə Salyanda Dövlət Dram teatrı fəaliyyət göstərib. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri