AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şahbuz

Rayon haqqında məlumat

Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə daxil olan Şahbuz rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək Naxçıvan (1978-ci ildə Babək) rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən müstəqil rayon kimi təşkil edilmişdir. Şahbuz rayonu şərq və şimaldan Ermənistanla həmsərhəddir. 25 yaşayış məntəqəsini birləşdirir. Rayon 22 inzibati ərazi dairəsini əhatə edir. Mərkəzi Şahbuz qəsəbəsidir. Şahbuz toponimi erkən orta əsrlərdə mövcud olmuş və xarabalıqları qalmış eyniadlı qalanın adı ilə əlaqədardır. Həmin qalanın adı isə Şahbuztəpə dağının adından yaranmışdır.
 
Rayon Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənub və Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşir. Səthi, əsasən, dağlıqdır. Ən yüksək nöqtələri Zəngəzur silsiləsində Salvartı dağı (3160 m) və Keçəldağ (3115 m), Dərələyəz silsiləsində Kükü dağıdır (3120 m). Biçənək aşırımı (2346 m) rayonun şimalındadır. Tabaşir-Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: kükürd, torf, tikinti materialları, məmulat daşları və s. Rayon ərazisindən Badamlı, Biçənək, Batabat, Karvansara kimi məşhur mineral sular çıxır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 10-25°C-dir. İllik yağıntı 400-600 mm-dir. Ərazisindən Naxçıvan çayı və onun qolları (Kükü, Şahbuz, Salvartı) axır. Qanlıgöl və Batabat gölündən su anbarları kimi istifadə olunur. Rayonun torpaqları dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-tünd şabalıdıdır. Rayonda dağ-kserofit bitkiləri, dağ çölləri, sub-alp və alp çəmənləri yayılmışdır. Enliyarpaq dağ meşələrinə (palıd, fıstıq, vələs) rast gəlinir.
 
Rayonda heyvandarlıq geniş yayılsa da, arıçılıq və meyvəçilik sahələrinin də inkişafına diqqət yetirilir. Rayonda Badamlı mineral su zavodu fəaliyyət göstərir. Bundan əlavə, rayonda 23 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 29 kitabxana, 26 klub müəssisəsi, 1 muzey, Şahbuz Dövlət Təbiət Qoruğu, 2 uşaq musiqi məktəbi, "Araz" kinoteatrı, mərkəzi xəstəxana, 2 sahə xəstəxanası, 10 həkim ambulatoriyası, 11 feldşer-mama, 1 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir. 
 
Rayon ərazisində eneolit, tunc, dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Kükü çayı vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir. Şahbuz qalası eramızın əvvəllərində inşa edilmişdir. Şapur qalası Şahbuz rayonunun eyniadlı kəndi yaxınlığında, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üstündədir. Arxeoloji abidə kimi 1990-cı ildə qeydə alınmışdır. Tapıntılar Şapur qalasında həyatın eramızın ilk əsrlərindən XV-XVI əsrlərədək davam etdiyini göstərir. Fərhad qalası Batabat yaylağında arxeoloji abidə kimi qeydə alınmışdır. Tədqiqatlar Fərhad qalasının eramızdan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri