AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şabran

Rayon haqqında məlumat

Şabran rayonu (keçmiş Dəvəçi rayonu) 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi şəhəri respublika tabeliyində şəhər kimi qalmışdır), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. 2010-cu ildən Milli Məclisin qərarı ilə Şabran adlandırılmışdır. Rayonun mərkəzi olan Şabran şəhəri 1944-cü ilə kimi Dəvəçibazar, sonra isə Dəvəçi adlanmışdır. 1959-cu ildən şəhər statusu almışdır. Tarixi ipək yolunun üzərində yerləşən Dəvəçibazar uzun müddət dəvə karvanlarının gecələmə yeri olmuşdur. Eyni zamanda burada böyük bazar fəaliyyət göstərmiş, dağ kəndlərindən əhali alış-veriş üçün bazara gəlmişlər. Dəvəçiçayın ətrafında yerləşən şəhər əhalisi çay yatağından süzülüb gələn şirin sulu bulaqlardan istifadə etmişdir. Karvan yolunun üstündə olan bu şəhər çox keşmə-keşli günlər yaşamış, dəfələrlə dağıdılmışdır. Sonuncu dəfə 1918-ci ilin mart hadisələri zamanı erməni daşnak qoşunları tərəfindən əvvəl zirehli qatardan top atəşinə tutulmuş, sonra dəmiryol stansiyasından düşən erməni cəza dəstələri tərəfindən əhalisi güllələnmiş, evlərə isə od vurularaq yandırılmışdır. Hadisə şahidlərinin deməsinə görə, əhali tərəfindən bala Həştərxan adlanan bu şəhərdə dağılmamış bir neçə ev qalmışdır. ADR zamanı şəhər nahiyə mərkəzi olmaqla burada pristavlıq yerləşmiş və o, nahiyə olaraq Quba qəzasının tərkibində olmuşdur.
 
Şabran rayonu Böyük Qafqazın şimal-şərqində, paytaxt Bakıdan 123 km məsafədən yerləşməklə şərqdən Xəzər dənizi ilə əhatə olunur. Siyəzən, Xızı, Quba, Xaçmaz rayonları ilə qonşudur. Rayonun ərazisi düzənlik, dağətəyi və dağlıq zonalardan ibarətdir. Şabran-Samur ovalığı dəniz səviyyəsindən 28 metr aşağıdır. Rayonun cənub-qərb tərəfdə hündürlüyü 2205 metrdir. Rayon neft, qaz, çınqıl, qum və sair faydalı qazıntılarla zəngindir. Rayon ərazisindən müalicəvi mineral və termal (isti su) sular çıxır, “Qalaaltı” sanitoriyasında və Dəhnə kəndindəki “İsti su” müalicə ocaqlarında insanlar həmin mineral sularla müalicə olunurlar. Rayonun ərazisində 20500 hektar zəngin meşə vardır.
 
Rayonun iqlimi ovalıq və dağətəyi yerlərdə mülayim, isti quru subtropik, dağlıq yerlərdə mülayim-soyuqdur. Çayları Dəvəçiçay, Gilgilçay, Şabrançay, Vəlvələçaydır. Çaylar Xəzər dənizinə tökülür. Dəvəçi çayın uzunluğu 45 kilometrdir. Şabran düzündə 1000 hektardan çox ərazini əhatə edən böyük göllər vardır. Şollar su kəməri, 1-ci və 2-ci Bakı su kəmərləri və Samur-Abşeron kanalı rayonun ərazisindən keçir.
 
Rayonda tarixi-arxeoloji abidə sayılan qədim şəhər yerləri var. Padar kəndindəki "Gülüstani-İrəm" və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayonun mərkəzi Şabran şəhərində tarix-diyarşünaslıq muzeyi var. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik Qalaaltı suyunun çıxdığı bulağın ətrafında "Çıraqqala" uroloji sanatoriyası tikilmişdir. Rayonda qədim xalçaçılıq ənənələri də qorunub saxlanılır. Rayonda toxunan "Pirəbədil", "Qollu Çiçi", "Heyratı" tipli yerli xalça çeşidləri geniş şöhrət qazanmışdır.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri