AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Saatlı

Rayon haqqında məlumat

Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı rayonu 1943-cü ildə müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Rayonun əhalisi 105111 nəfər, əhalinin orta sıxlığı 1 kv.km-ə 89 nəfər təşkil edir. Ərazisi 1,18 min kv. km-dir. Rayonda 1 şəhər, 43 kənd vardır ki, bunlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Şəhər və kənd yaşayış məntəqələri daxil olmaqla rayonda ümumilikdə 36 bələdiyyə fəaliyyət göstərir. Saatlı etnoniminə gəldikdə isə, bu etnonim XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Bu ərazidə yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Onların bir qismi Qazax zonasında, bir hissəsi isə 1795-1798-ci illərdə Qarabağda məskunlaşmışlar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saqatlı, Saatlu tayfasının etnik adıdır.
 
Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxan, Əlisoltanlı kəndlərində m.ö. III-II minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55 ədədi nəqqaşlıq, 127 ədədi ədəbi-tətbiqi incəsənət məmulatı, 1890 ədədi arxeoloji əşya, 531 ədədi məişət və etnoqrafik əşya, 2279 ədədi müxtəlif fotoşəkillər, 412 ədədi qiymətli sənədlər, 4077 ədədi isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayon ərazisində Cəfərxan nekropolu, Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd nekropolu, 3 ədəd Qaralar nekropolu, Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad nekropolu olmaqla ümumilikdə 9 arxeoloji abidə mühafizə olunur.
 
Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Rayonda yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda 1,4°C, iyulda 26,2°C-dir. İllik yağıntı 300 mm-dir. Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir. Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır.
 
Rayonda bir çox tikinti, quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzi yaradılmış, ümummilli liderin adını daşıyan meydan yenidən qurulmuş və abidəsi ucaldılmışdır. Ümumi ərazisi 3 ha olan “İstirahət” parkı, ümumi ərazisi 2 ha olan Bayraq meydanı və Bayraq muzeyi, “Şəhidlər” və “31 mart azərbaycanlıların soyqırımı” abidə kompleksi tikilmiş, rayon mədəniyyət mərkəzində yenidənqurma işləri aparılmışdır. Rayonda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşunaslıq Muzeyi və Rəsm Qalereyası, Şahmat məktəbi, Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binası, Dövlət Təhlükəsizlik Xidmətinin Saatlı rayon şöbəsinin inzibati binası, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Dairə Seçki Komissiyasının inzibati binası, Mətbuatyayımı şöbəsinin inzibati binası tikilib istifadəyə verilmişdir.
 
Saatlı rayonunda 49 ümumi təhsil müəssisəsi, 3 məktəbdənkənar müəssisə, 1 tibb kolleci, 1 peşə liseyi, 21 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Təhsil müəssisələrindən 28-i tam orta, 16-sı ümumi orta, 5-i isə ibtidai məktəbdir. Rayonda 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 55 kitabxana filialı, 15 klub, 10 mədəniyyət evi, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi fəaliyyət göstərir. Rayon idmançıları müxtəlif idman sahələrində istər ölkə ərazisində keçirilən idman tədbirlərində, istərsə də beynəlxalq tədbirlərdə bir sıra nailiyyətlər əldə etmişlər. Hazırda rayonda Uşaq Gənclər idman məktəbi, "Adıgün" Uşaq Gənclər idman məktəbi, Şahmat məktəbi, "Araz-Şöhrət" Taekvando idman klubu fəaliyyət göstərir. Bundan əlavə, rayonda 29 idman zalı, 35 sadə idman qurğusu, 1 mərkəzi stadion və 4 atıcılıq tiri mövcuddur. Saatlı rayonunun  iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Araz çayının bol suyu bu ərazidə pambıqçılıq, taxılçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri