AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qubadlı

Rayon haqqında məlumat

Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 802 km2-dir. Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir. Tarixən Zəngəzur mahalına daxil olan Qubadlı Azərbaycanın qədim tarixi-etnoqrafik bölgələrindən biridir. Rayon ərazisindəki (Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında) xeyli sayda təbii və süni mağaraların olması onların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir. İbtidai insan düşərgələri olan belə mağaralar sonralar müqəddəsləşdirilmişdir. Ümumiyyətlə, Qubadlı rayonunun ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid aşağıdakı abidələr qeydə alınmışdır: “Xırman yeri” adlı yaşayış məskəni (Qubadlı şəhəri), Koroğlu qalası (Əliquluuşağı kəndi), Qalaça (Əliquluuşağı kəndi), Maltəpəsi (Muradxanlı kəndi). Qubadlı rayonunun Həkəri kəndinin adına erkən orta əsrlərə aid tarixi mənbələrdə rast gəlinir. XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi məktəbdən biri, həmçinin bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz Qubadlıda açılmışdı. Qubadlı bölgəsi XIX-XX əsrin əvvəllərində Azərbaycan elminə, ictimai fikir tarixinə Seyid Nigari, tanınmış tarixçi Mirmehdi Xəzani kimi görkəmli şəxslər bəxş etmişdir.

Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il martın 14-də ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmış (1915, 1918, 1920), rayonun kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bütün bu çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir. 1988-ci ildən başlayaraq Еrmənistanla sərhəddə yеrləşən Qubadlı rayonuna ermənilərin təcavüzkar hücumları yenidən başlamış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtmişdir. 1993-cü ilin avqustun 31-də isə rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı olmaqla 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. 204 hərbiçi, 69 mülki şəxs əlil olmuşdur. 1 şəhər, 93 kənd, 6988 yaşayış evi, 8 sənaye və 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə,  86 səhiyyə, 180 mədəniyyət, 74 təhsil, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 48 kənd təsərrüfatı, 6 sənaye müəssisəsi, 9 körpü, 2 su anbarı, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalmışdır. 5 mindən çox nadir eksponatın saxlanıldığı Qubadlı tarix-diyarşünaslıq muzeyi talan olunmuşdur. Ümumilikdə rayon iqtisadiyyatına 1,5 milyard dollar həcmində maddi ziyan vurulmuşdur. İşğaldan əvvəl rayonda müxtəlif təyinatlı (istehsal, təhsil, mədəniyyət, səhiyyə, icra,  xidmət və s.) 600-dən yuxarı  idarə, müəssisə və təşkilatları fəaliyyət göstərirdi. İşğaldan sonra isə rayonda 36 təhsil, 3 səhiyyə, 6 mədəniyyət müəssisəsi, 25 digər idarə, müəssisə və təşkilatlar fəaliyyətlərini bərpa etmişlər.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri