AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qobustan

Rayon haqqında məlumat

Tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Qobustan inzibati rayon vahidi kimi 1990-cı ildə təşkil olunmuşdur. Rayonunun ərazisi əsasən keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu, şərq və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, qərbdən isə Şamaxı inzibati rayonları ilə əhatə olunur. Şimaldan cənuba təxminən 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.
 
Qobustan inzibati rayonunun ərazisi mürəkkəb relyefə malik dağlıq sahədir. Rayon ərazisi oroqrafiyasına görə dağlıq yayla, öndağ və düzənliklər olmaqla üç yerə bölünür. Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir və dərin dərələrlə parçalanmış düzən (penplen) səthli dağlıq sahələr, cənub-şərqə doğru isə yastı düzənliklər mövcuddur. Bu ərazi yumşaq çöküntü süxurlardan ibarət olduğundan daha çox eroziyaya məruz qalmış, yuyulub aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur. Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngi dərə (Qapçı) çay arasında bedlend (yararsız) psevda-karst (yalançı karst) inkişaf etmişdir. Öndağ sahəsi rayonun şərq, cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil karst relyefi müşahidə olunur. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda - cənubdadır.
 
Qobustanda relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların, palçıq vulkanlarının rolu böyükdür. Rayon ərazisində Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar. Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri rayonda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarının mövcudluğudur. Rayonda müxtəlif tikinti materialları (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.
 
Qobustan rayonunun əhalisi 01.11.2017-ci il tarixə 45680 nəfərdir. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 31 kənd mövcuddur. Əhalinin 22977 nəfəri kişilər, 22703 nəfərini isə qadınlar təşkil edir. Şəhər əhalisinin sayı 8905 nəfər, kəndlərdə yaşayanları sayı 36775 nəfərdir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri