AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qazax

Rayon haqqında məlumat

Qazax rayonu respublikanın qərbində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Şimal-qərbdən Gürcüstan Respublikası, cənub-qərbdən Ermənistanla sərhəddir. Rayon kimi 1930-cu ilin avqust ayında təşkil olunmuşdur. Mərhum akademiklər Z.M.Bünyadov və V.F.Minorskinin rəylərinə əsasən Qazağın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yaşayış məntəqəsinin 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır.
 
Rayonun ərazisi 692 kv.km, əhalisi 96.745 (01.01.2018-ci ilin əvvəlinə) nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır. Rayonda bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla 23 inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 17 bələdiyyə fəaliyyət göstərir.
 
Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülük və meyvəçilik mühüm yer tutur. Ərazisinin 67,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 34,7 %-ni və ya 24023 hektarını əkin sahələri təşkil edir. Qazax rayonunun ümumi istifadəsində olan 69229 hektar torpaq sahəsinin 15402 hektar dövlət mülkiyyətində saxlanılmış, 29353 hektarı bələdiyyə mülkiyyətində, qalan 24474 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Rayonda 1 Bakı Dövlət Universitetinin Qazax filialı, 1 Qazax Dövlət Sosial İqtisadi Kolleci və 1 Peşə Liseyi, 46 ümumtəhsil məktəbi,  25 məktəbəqədər və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
 
Rayonda  “Heydər Əliyev Mərkəzi”,  “Şahmat Məktəbi”, Qazax Dövlət Rəsm Qalereyası, Səməd Vurğun Poeziya Evi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı, Qazax Dövlət Dram Teatrı, 1 kinoteatr, "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğu, 3 muzey, 1 ev muzeyi,  2 uşaq musiqi məktəbi,  21 mədəniyyət evi, 43 kitabxana və  24 klub vardır. Qazaxda 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır ki, bunlardan 45-i memarlıq, 54-ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ tətbiqi sənəd nümunələridir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri