AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ordubad

Rayon haqqında məlumat

Ordubad çox qədim tarixə malik olub özünün milli-mənəvi dəyərləri ilə seçilən rayondur. Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Relyefi əsasən dağlıq, az bir hissəsi dağətəyi, 5-6 faizi isə aran ərazidən ibarətdir. Son dərəcə zəngin bitki florası və faunası vardır. Yaşayış məntəqəsi, əsasən, dağətəyi ərazidə yerləşir. 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 1965-ci ildə yenidən rayon statusu almışdır. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla, qərbdən isə Culfa rayonu ilə həmsərhəddir. Mərkəzi Ordubad şəhəridir.
 
Ordubadın salındığı tarix dəqiq müəyyənləşdirilməsə də, bu ərazi dünyada ən qədim insan məskənlərindən biri sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində m.ö. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində m.ö. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. Bu da Ordubadın 7 min il yaşı olduğunu sübut edir.
 
Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə bura səyahət etmiş səyyahların marağına səbəb olmuşdur. Rus alimi İ.Şopen, polyak tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər.
 
Ordubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom alim, riyaziyyatçı, şair, dövlət xadimi Nəsrəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində Ayətullah Məhəmməd Əli Gələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı kitablar bütün şərq aləmində məşhurdur.
 
Mühüm ticarət yollarının ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiya, Marsel, Amsterdam və Avropanın digər şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir. Memarlıq quruluşu və tarixi abidələrinə görə Ordubad 1977-ci ildə qoruq-şəhər elan olunmuşdur.
 
Rayon ərazisinin çox hissəsini Zəngəzur silsiləsinin cənub-qərb yamacı tutur. Cənubda Arazboyu düzənliklər (Ordubad düzü və s.) uzanır. Naxçıvan MR-in ən yüksək nöqtəsi olan Qapıcıq dağı (3904 m) buradadır. Rayonda Tabaşir-Antropogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: polimetallar, molibden, mis, tikinti materialları və s. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 10-25°C-dir. İllik yağıntı 300-800 mm-dir. Ən böyük çayları: Vənənd, Ordubad və s. İranla sərhəd boyu Araz çayı axır. Boz, çəmən-boz, allüvial-çəmən, dağ-şabalıdı, qəhvəyi dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Arazboyu düzənliklər və alçaq dağlıq sahələr dağ-kserofit bitkiləri, yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Bəbir, Cənubi Qafqaz muflonu, qaya keçisi, daşlıq dələsi, boz kəklik, ular və s. heyvan növləri var. 2003-cü ildə Ordubad yasaqlığı əsasında akademik Həsən Əliyev adına Milli Park yaradılmışdır.
 
Rayonda 39 ümumtəhsil məktəbi, peşə məktəbi, 5 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 3 muzey, məşhur "Gəmiqaya" tarixi abidələr kompleksi, Ordubad Tarix-Memarlıq Qoruğu, 2 uşaq musiqi məktəbi, "Araz" kinoteatrı, mərkəzi xəstəxana, 4 sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 17 feldşer-mama, 14 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir. 
 
Rayonun ərazisində miqyasına görə irili-xırdalı 100-dən artıq tarixi-memarlıq və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur. Bunların arasından Ordubad şəhərindəki orta əsrlərə aid "Sərşəhər məscidi"nin, "Anbars məscidi"nin, "Qeysəriyyə"nin, "Cümə məscidi"nin, "Mingis məscidi"nin, "Təkeşiyi məscidi"nin, XVI əsrin tarixi yadigarı olan hamam binasının, "Nüsnüs piri"nin, "Vənənd məscidi"nin, XVIII əsrin yadigarı, qədim "İpək yolu"nun üzərində olan Aza körpüsünün, XVI əsrin arxeoloji qalıqları olan "Xaraba Gilan" qoruğunun, akademik Y.Məmmədəliyevin, böyük ədib M.S.Ordubadinin ev muzeylərinin və s. adını çəkmək olar.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri