AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Neftçala

Rayon haqqında məlumat

Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində, Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə, Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu, cənubdan Qızılağac Dövlət Qoruğu ilə həmsərhəddir və həmin qoruqlarda, əsasən, ceyran, quşlar mühafizə olunur. Neftçala rayonu şimaldan Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur. Rayonun indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Belə ki, Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir.
 
Rayon ərazisinin səthi düzənlikdir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşdiyi üçün Xəzər dənizinin səviyəsinin qalxması və ya azalması rayona birbaşa təsir göstərir. Su səviyyəsi aşağı düşəndə rayon ərazisində yerləşən Kürkosa adası yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizindəki Kür daşı adası palçıq vulkanları nəticəsində formalaşmışdır. Rayonda yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda təqribən 3°C, iyulda 25-36°C-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.
 
Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi, Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arealı mövcuddur.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.