AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Naxçıvan

Şəhər haqqında məlumat

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanda m.ö. II-I minilliklərə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Yaxın Şərqin qabaqcıl mədəniyyət mərkəzləri ilə coğrafi yaxınlıqda olan Naxçıvan mədəniyyəti buradakı tayfaların həyatına çox böyük təsir göstərmiş, ərazidə erkən şəhər mədəniyyəti və sinifli cəmiyyətin əlamətləri daha tez meydana çıxmışdır.
 
Naxçıvan şəhəri haqqında yazılı mənbələrdəki ilk məlumatı tarixçi İosif Flaviy (m.ö. I əsr) və yunan coğrafiyaçısı Klavdi Ptolemey özünün "Coğrafiya" əsərində vermişdir. Həmin əsərdə Naxçıvanın adı "Naksuana" kimi qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Naksuana Naxçıvan sözünün fonetik variantı deyil. Yunan və romalıların dilində fışıltılı səslər ç, c, s, j olmadığından onlar Naxçıvanı Naksuana adlandırmışlar. Orta əsr ərəb və fars mənbələrində (İbn Xordadbeh, Əl-Biruni, Bakuvi və b.) şəhərin adı Nəşavə, Nəqçuvan şəklində işlənmişdir. Bəzi mənbələrdə (Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Övliya Çələbi və b.) mövcud olan, lakin elmi əsası olmayan mülahizələrə görə Naxçıvan toponiminin mənası əfsanəvi Nuh peyğəmbərin adı ilə bağlıdır, yəni Nuh çıxan, Nuhun yurdu deməkdir.
 
Naxçıvan m.ö. IX-VI əsrlərdə Manna, sonra isə Midiya dövlətlərinin tərkibində olmuş, m.ö. 550-ci ildə Midiyanın süquta uğramasından sonra Əhəmənilər imperiyasının hakimiyyəti altına düşmüşdür. Yaxın və Orta Şərqin ticarət yollarının qovşağında yerləşən Naxçıvan Əhəmənilər imperiyasının dağılmasından sonra Atropatena dövlətinin tərkibində olmuşdur. Yaxın və Orta Şərqdə mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzinə çevrilən Naxçıvanın Kiçik Asiya ölkələri ilə, İranın, Gürcüstanın şəhərləri və Qara dəniz limanları ilə ticarət əlaqəsi var idi.
 
İran-Bizans müharibəsi zamanı 625-ci ildə Bizans imperatoru İrakli Naxçıvanı tutaraq şəhəri yerlə yeksan etdi. Sonralar bərpa olunan Naxçıvan şəhəri 654-cü ildə ərəblərin əlinə keçdi. Naxçıvan şəhəri ərəb xilafətinin dağılmasından sonra Sacilər, Salarilər, Rəvvadilər dövlətinin tərkibində olmuş, 1054-cü ildən isə Səlcuqların hakimiyyəti altına düşmüşdü. Səlcuq sultanlığı parçalandıqdan sonra Naxçıvan yeni yaranmış Atabəylər dövlətinin tərkibinə qatıldı. Atabəylər dövlətinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilən Naxçıvan şəhəri XII əsrin 30-cu illərinin sonundan 1175-ci ilədək bu dövlətin paytaxtı olmuşdur. XII əsrdə Naxçıvanda təxminən 150-200 min əhali yaşayırdı. Şəhərdə toxuculuq, zərgərlik, dulusçuluq, xalçaçılıq və başqa növ sənətkarlıq sahələri inkişaf etmişdir. 1221-ci ildə monqolların Azərbaycana ilk yürüşü zamanı Naxçıvan şəhəri böyük dağıntılara məruz qalmışdır. 1225-ci ildə Atabəylər dövlətinin zəifləməsindən istifadə edən Cəlaləddin Xarəzmşah Naxçıvanı işğal etdi. 1257-ci ildən Naxçıvan Elxanilər (Hülakulər) dövlətinin tərkibinə qatıldı. Hülakulərin zəifləməsindən sonra Naxçıvan Cəlalilər sülaləsinin hakimiyyəti altına düşdü. Naxçıvan 1412-ci ildən Qaraqoyunlu, 1468-ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Ağqoyunlu - Səfəvi müharibəsi zamanı 1501-ci ildə Şərur düzündə baş vermiş toqquşmada Səfəvilər qalib gələrək şəhəri ələ keçirdilər. Sonrakı mərhələdə Naxçıvan Səfəvi-Osmanlı müharibələrində hərb meydanına çevrildi. I Şah Abbas 1603-cü ildə Naxçıvanı hakimiyyəti altına alaraq buranı hərbi düşərgəyə çevirdi. Səfəvilər dövlətinin apardığı islahatlar nəticəsində Naxçıvan XVI əsrdə Təbriz, XVII əsrdən isə Çuxursədd bəylərbəyliklərinin ərazisinə daxil edilmişdir. XVI-XVII əsrlərdə buranın hakimləri Kəngərli tayfa başçılarından təyin olunurdu. Səfəvilərin süqutundan sonra Naxçıvan XVIII əsrin əvvəllərində Nadir şah tərəfindən tutulmuşdur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü xan elan etdi, Naxçıvan şəhəri isə xanlığın paytaxtı oldu. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Rusiya imperiyasının tərkibinə qatıldı. 1870-ci ildən başlayaraq çarizmin keçirdiyi islahatlar nəticəsində Naxçıvanda ticarət, sənaye, səhiyyə və mədəni sahələrdə irəliləyişlər baş verdi. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində 1905-1906, 1918-ci illərdə Naxçıvanda da kütləvi qətllər törədildi. 1920-ci il iyulun 28-də Naxçıvanda Sovet hakimiyyəti elan edildi. 1921-ci ilin yanvarında keçirilən referendumda əhalinin 90% muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmağa səs verdilər. 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars müqavilələri ilə Naxçıvan Muxtar Respublikasının statusunun əsası qoyuldu. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil edildi. Hazırda şəhər Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Şəhərdə 1 qəsəbə (Əliabad) və 5 kənd vardır. Şəhərin ərazisi 191,57 kvadrat kilometr, əhalisi 88,0 min nəfərdir (2013). İqlimi kontinental, orta temperatur yanvarda - 3,8°C, iyulda 26,9°C-dir, illik yağıntı 236 mm-dir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonlarında Naxçıvan blokadaya düşmüş, 1991-ci ildən qaz xətti kəsilmiş, 1992-ci ildən dəmir yolu bağlanmışdır.
 
Naxçıvanın inkişafı ötən əsrin 70-ci illərində möhtərəm Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə başlanmışdır. Müstəqillik əldə etdikdən sonra burada Naxçıvanda Şahmat məktəbi, Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Naxçıvan Dövlət Universitetinin yeni beşmərtəbəli korpusu, Elektron kitabxana, Hüquq və Sosial İdarəetmə fakültəsi üçün korpus, Gömrük Komitəsi üçün yeni bina, Milli Bank, Əlillərin Reabilitasiya Mərkəzi, Heydər Əliyev adına məktəb və bir sıra digər məktəblər, əlillər üçün yeni yaşayış binası tikilmişdir. Naxçıvanda Hüseyn Cavidin məqbərəsi ucaldılmış, onlarla inzibati binalar əsaslı təmir edilmiş, Heydər Əliyev parkı, Əcəmi, Dədə Qorqud seyrəngahları salınmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü və Heydər Əliyev adına məktəbin həyətində heykəli, Babəkin, Koroğlunun, Cəlil Məmmədquluzadənin, Əcəmi Naxçıvaninin heykəlləri, sənaye-istehsal kompleksləri yaradılmış, müasir tələblərə cavab verən “Qrand otel” və digər mehmanxanalar, restoranlar tikilmiş, beynəlxalq standartlara cavab verən hava limanı naxçıvanlıların istifadəsinə verilmişdir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, şəxsiyyəti və siyasi fəaliyyəti ilə bağlıdır.

Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri