AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Laçın

Rayon haqqında məlumat

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir. Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara-məbəd miladdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı, rayonun ərazisindəki qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Malik Əjdər türbəsi (XII əsr),  Uşaq  qalası (XV əsr), Kar gümbəz (XVII əsr), habelə  X-XIX  əsrlərə aid birtağlı və ikitağlı körpülər, çoxsaylı su dəyirmanları öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə mövcud olmuşdur. Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.
 
Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir. Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min  başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736  nəfər laçınlı öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır. Hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın” qəzeti 1931-ci ildən nəşr olunur. Qarabağ müharibəsində Laçın rayonu 267 şəhid vermiş, rayon sakinlərindən 66 nəfər girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda Laçın rayon İcra Hakimiyyəti başçısı aparatı, rayonun bütün icra strukturları, idarə, müəssisə və təşkilatları Ağcabədi rayonu ərazisindəki Taxta-körpü köçkünlər qəsəbəsində fəaliyyət göstərir.
 
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir.
 
Ümumi sahəsi 1835 km2 olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur. Rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlarla, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı kimi faydalı qazıntılarla zəngindir. Rayon palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları il zəngin meşə örtüyünə malikdir. Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.