AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kürdəmir

Rayon haqqında məlumat

Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar Ağsu və Kürdəmir rayonları birləşdirilmişdir. 1964-cü ildə Sov. İKP MK-nın qərarına əsasən yeni sistem ləğv edilərək köhnə struktur bərpa edilmiş və Kürdəmirlə Ağsuya müstəqil rayon statusu verilmişdir.

Kürdəmir ərazisinin iqtisadi çəkisinin artması 1883-cü ildə Bakı-Tbilisi dəmiryol xəttinin çəkilməsindən sonra başlamışdır. Yeni dəmiryol xəttinin Kürdəmirdən keçməsi bağ məhsullarının vaxtlı-vaxtında daşınmasına və bu sahənin inkişafına təkan vermişdi. Təsadüfi deyil ki, 1884-cü ildən başlayaraq Kürdəmirin bağ məhsulları artıq Rusiyanın bazarlarında satılırdı. Beləliklə Kürdəmir yeni inzibati mərkəz kimi formalaşırdı. Dəmiryolunun çəkilişinə qədər Yeni Şamaxıya (Ağsu) yaxın hissə mərkəz idisə, dəmiryolunun çəkilişindən sonra dəmir yolunun ətrafına xeyli əhali köçdü. Hətta indi Köhnəbazar adlanan ərazi də dəmiryolunun yanında yeni bazarla – “İskələ bazarı” ilə əvəzlənmişdir. XX əsrin əvvələrində Kürdəmir artıq Göyçay qəzasının inzibati dairəsi idi və ərazisinə 67 kənd və köç yerləri daxil edilmişdir.

XX əsrin əvvələrində Azərbaycanın mürəkkəb siyasi proseslərin mərkəzinə çevrilməsi Kürdəmirdən də yan keçməmişdir. Bolşevik-daşnak qruplaşmaları o zaman Kürdəmirin ərazisini tutaraq 1918-ci il iyunun 12-də Mart faciəsinin tarixi davamı olan Kürdəmir faciəsini törətmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində Kürdəmir qurtuluş savaşlarının fəal mərkəzinə çevrilmiş, rayon sakinləri cümhuriyyət ordusunun sıralarında doğma torpağa şərəflə qulluq etmişlər. 

Kürdəmir rayonunun ərazisi  1631,5  km2, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 67 nəfərdir. Rayonda 1 şəhər, 2 qəsəbə, 59 kənd vardır. Rayonun iri yaşayış məntəqələri Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxan, Köhünlü, Sığırlı kəndləridir. 2018-ci il yanvarın 1-nə olan məlumata görə  rayonun əhalisi 115 500 nəfər olmuşdur. Əhalinin ümumi sayından 58 100 nəfərini və ya  50,3 %-i kişilər, 57 400 nəfərini və ya   49,7 %-i qadınlar təşkil edir.

Kürdəmir rayonu Ağsu, Göyçay, Ucar, İmişli, Sabirabad, Hacıqabul və Zərdab rayonları ilə həmsərhəddir. Kürdəmir sözünün mənşəyi ilə bağlı fərqli mülahizələr irəli sürülüb. Bir versiyaya görə, rayonun adı "Kür" və "Dəmir" sözlərindən yaranmışdır (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir). Digər versiyaya görə, rayonun adı "Kür dəymir" sözlərindən götürülmüşdür. Yəni, Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir. Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 23 inzibati ərazi vahidliyi, 1 şəhər, 2 qəsəbə, 30 bələdiyyə ilə əhatə olunmuşdur. Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 17, 18 dərəcə təşkil edir. Rayon əhalisinin əsas məşğuliyyəti bitkiçilik və heyvandarlıq olsa da, son zamanlar ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətləri genişlənmişdir.

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 43 km, Ələt-Qazıməmməd-Kürdəmir-Yevlax yolunun 42 km, Bakı-Tbilisi baş dəmir yolunun 44 km hissəsi rayonun ərazisindən keçir. Rayonun Şığırlı kəndi ərazisində yerləşən "Qaratəpə" yaşayış yeri və qəbiristanlıq ilk orta əsrlərə, Ərəbqubalı kəndi ərazisindəki "Şəhərgah" yaşayış mənətəqəsinin IX–XI əsrlərə aid olduğu ehtimal olunur. Rayonun Mollakənd kəndi ərazisində yodlu və bromlu mədən sularından ibarət müalicə əhəmiyyətli suyu vardır. Rayonun ərazisi düzənlikdir. Kür və Girdiman çaylarının, Şirvan kanalının su ehtiyatları, əkinə yararlı geniş torpaq fondu, Kür çayı boyunca Tuğay meşələri rayonun təbii sərvətləridir.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.