AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəlbəcər

Rayon haqqında məlumat

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri aşkar edilib. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"idir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycanın qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar kəndlərinin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
 
Kəlbəcər 1993-cü ilin aprelin 2-dən Ermənistan ordusunun işğalı altındadır. İşğal nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etsə də, indiyədək həmin qətnamələr yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olunmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Rayonun əhalisinin sayı 1 avqust 2013-cü il tarixə olan məlumata görə 91.1 min nəfərdir.
 
Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Rayondan şərqdə, rayon mərkəzindən 29 kilomet məsafədə yerləşən bu abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə dəfn olunmuşdur. Üstü günbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir.
 
Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: Laçınqaya, Lev, Uluxan, Qalaboynu, Comərd. Kəlbəcərin Ağdaban kəndinin adının Ağuan, Aluan, Ağvan, Andan kimi müxtəlif variantlarda rast gəlinən Alban sözünü təhrif olunmuş variantı olması istisna deyil. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb.
 
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə seçilir, bir çox xəstəliklərini müalicəsində onlardan istifadə olunur. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri