AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Goranboy

Rayon haqqında məlumat

Goranboy rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1930-cu il tarixli qərarı ilə təşkil olunmuşdur. Həmin il İcraiyyə Komitəsinin digər bir qərarı ilə rayonun tarixi torpaqları hesabına Yuxarı və Aşağı Ağcakənd ərazisində Aşağı Ağcakənd rayonu da yaradılmışdır. İcraiyyə Komitəsinin 1938-ci il 8 sentyabr tarixli növbəti qərarı ilə Goranboy rayonun tarixi adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd isə Şaumyan rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali sovetinin 1991-ci il 12 fevral tarixli qərarı ilə Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır.

Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal-şərqdən Yevlax, cənub-şərqdən Tərtər, cənub-qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal-qərbdən Samux rayonları ilə həmsərhəddir. Sahəsi 170.025 km2, əhalisi 100.210 min nəfərdir. Bundan başqa rayon ərazisində 11.517 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. Rayon kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir. Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Ərazidə Paleogen, Neogen və Yura-Antropogen dövrünün çöküntüləri yayılmışdır. Rayonun şimalında dəniz səviyyəsindən hündürlük 50 m, cənubunda - Murovdağda ən yüksək zirvə 3724 m-dir. Qazanbulaq-Naftalan düzənliyi rayonun böyük hissəsini əhatə edir. Rayonun cənubunu əhatə edən Murovdağda Kiçik Qafqazın ən yüksək zirvələri Camışdağ (3724 m), Murovdağ (3340 m), Keçəldağ (2225 m) yerləşir. Goranboy rayonu mürəkkəb geoloji quruluşa malik olaraq əhəngdaşı, gips, gil, barıt, tikinti daşı, dolomit, qırmızı qum, narın qum, yodlu yeraltı suları, neft (yağ-neft) və s. kimi faydalı qazıntılar və sərvətlərlə zəngindir. Rayonun Qazanbulaq, Cinli Boluslu və Borsunlu ərazisində də müalicə əhəmiyyətli qaynar su təbii sərvət kimi istifadə olunur. Tikinti materialları ilə zəngin olan rayonda, Sarıyoxuşda, Qazanbulaqda karbonatlı tikinti materialları yataqları, Ağcakənd zonasında gips yataqları, Qarqucaq ərazisində odadavamlı gil, geolin yataqları, Tap Qaraqoyunlu, Hacallı, Səfikürd kəndlərində çay daşı, kvars qumu kimi tikinti materialları var. Murovdağın şimal-şərq yamacında barıt yatağı mövcuddur.

Goranboy rayonunun təbii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyində də biruzə verir: yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, yayı isti keçən yarımsəhra və quru çöl iqlimi. Dağətəyi və dağlıq zonada qışı nisbətən sərt, yayı isə sərin keçir. Rayon ərazisində, əsasən şərq və qərb istiqamətli küləklər əsməklə, orta illik surəti 300-400 m/san-yə çatır. Rayon ərazisində mənbəyini Kiçik Qafqazın şimal-şərq yamacından götürən, Kür çayı hövzəsinə aid olan Kürəkçay, Gorançay, İncəçay, Buzluqçay, Korçay, Qaraçay və s. çaylar axır. Çayların əsas qida mənbəyi qrunt, qar və yağış sularıdır. Çayların ən gursulu dövrləri yazın və yayın əvvələridir. Ən böyük çaylar mənbəyini Murovdağ və Kəpəzdən götürən Kürəkçay və onun sağ qolu olan Gorançaydır. Kürəkçay üzərində 2 kiçik su anbarı-həcm 1,2 mln m3 olan Şıxlar, həcm 1,2 mln m3 olan Hazırəhmədli və Səfikürd kəndində həcmi 3,4 mln m3 olan Səfikürd su anbarları yaradılmışdır. Rayonun yüksək dağlıq hissəsində seysmik mənşəli bir neçə xırda göl vardır. Düzənlik, dağətəyi və dağlıq zonalardan ibarət olan rayonun torpaqları şabalıdı, tünd şabalıdı, dağ boz-qəhvəyi, qonur dağmeşə, çimli dağçəmən, açıq şabalıdıdır. Əsas bitki örtyü yovşanlı və yovşanlı-şoranotlu, yarımsəhra və çöl bitkilərindən, alp və kollu və seyrəkmeşəli çəmənlərdən, qayalıq və ovuntu bitkilərindən ibarətdir. Meşə zolaqlarının ümumi sahəsi 10 min ha yaxındır. Meşələr enliyarpaqlı palıd, vəsəl, fıstıq, göyrüş, yemişan, qoz kimi ağac növləri, kəklikotu, itburnu, sarıçiçək, qantəpər kimi dərman bitkiləri ilə zəngindir.

Rayon ərazisindəki nadir heyvan və quş növlərini (ceyran, dovşan, kəklik, turac və s.) qorumaq üçün 1961-ci ildə ümumi sahəsi 15000 ha olan Korçay Dövlət Yasaqlığı yaradılmışdır. 2007-ci ildə yasaqlığın bazasında Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik və heyvandarlıqdır. Bundan əlavə rayonda sənaye məhsullarının istehsalı müəssisələri, yeyinti, tikinti və aqrar sənaye obyektlərinin inkişaf etdirilməsi əhalinin yeni məşğulliyyət sahələrinin yaranmasına zəmin yaradır. Rayon əhalsinin sayı 114139 nəfərdir. Əhalinin 75 faizi kəndlərdə və qəsəbələrdə, 25 faizi isə şəhər yaşayış məntəqələrində yaşayır. Milli tərkibi əsasən Azərbaycanlılardan olmaqla az sayda ruslar, ukrayn və belaruslar da yaşayır.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.