AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Gədəbəy

Rayon haqqında məlumat

Gədəbəy Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1232,98 kv kilometr, əhalisi 98,985 min nəfərdir. Gədəbəy sözü qədim türk dillərindəki get, gedik (təpə) və bək (keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranmış, "müşahidə məntəqəsi", yaxud "keşikçi təpəsi" mənasını ifadə edir. Ərazidən son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIV-VII əsrlər) aid aşkar edilmiş arxeoloji tapıntılar Gədəbəyin Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu göstərir. Düşmən hücumundan qorunmaq üçün tikilmiş keşikçi qalaları, nadir memarlıq abidələrindən olan Qız qalası (IX əsr), Novosaratovka kəndində məbəd (1535-ci il), Qalakənddə qala (XVI əsr), Böyük Qaramurad kəndində məbəd (1634-cü il) və s. rayon ərazisində mövcud olan tarixi əhəmiyyətli abidələrdir. Ümumiyyətlə, Gədəbəydə dünya əhəmiyyətli 1, ölkə əhəmiyyətli 81 və yerli əhəmiyyətli 24 tarixi abidə mühafizə olunur.

Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra hərbi-strateji mövqeyinə görə Gədəbəyə xüsusi üstünlük vermişdir. Təsadüfi deyildir ki, XIX əsrin 40-cı illərində Gədəbəy ərazisində ilk rus məskənləri salınmışdır. Gədəbəy rayonunun hazırkı inzibati mərkəzi olan Gədəbəy şəhərinin əsası isə 1863-cü ildə qoyulmuş, çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol qəzasının tərkibinə daxil edilmişdir. Gədəbəyin yüksəlişində 1849-cu ildə burada mis filizinin kəşf edilməsi və 1855-1856-cı illərdə misəritmə zavodunun tikilməsi böyük rol oynamışdır. Gədəbəydə mis filizinin çıxarılması və misəritmə işi ilə sonralar Simens şirkəti məşğul olmuşdur. Bu müəssisə 1865-ci ildə yenidən qurulmuş, 1883-cü ildə isə ikinci zavod - Qalakənd misəritmə zavodu tikilmiş, Gədəbəy-Qalakənd arasında dar dəmir yolu xətti çəkilmişdir. Rusiyada ilk su elektrik stansiyası misi elektrik üsulu ilə əritmək üçün məhz Gədəbəydə tikilmişdir.

O dövrdə Rusiya imperiyasında istehsal olunan misin dörddə bir hissəsi Gədəbəy-Qalakəndin payına düşürdü. Gədəbəy-Qalakənddə mislə bərabər, xeyli miqdarda qızıl və gümüş də əldə edilmişdir. Burada istehsal olunan məhsul, nəinki Rusiya, eləcə də dünya bazarına çıxarılmışdı. Müasir istehsal prosesi ərazidə müvafiq infrastrukturun yaradılmasına gətirib çıxarmış, nəticədə Gədəbəy bütün tələblərə cavab verən Avropa tipli qəsəbəyə çevrilmişdir. Birinci Dünya müharibəsinin sonlarına doğru misəritmə zavodlarının fəaliyyətinin zəifləməsi ilə Gədəbəyin mövqeyində də dəyişiklik baş vermişdir. Bu tarixdən etibarən rayonun iqtisadi həyatında kənd təsərrüfatının, xüsusilə kartofçuluğun rolu artmağa başlamışdır. Qoyunçuluq sahəsində də müəyyən nailiyyətlər əldə olunmuş, "Gədəbəy dağ merinosu" kimi tanınan zərif yunlu qoyun növü yetişdirilmişdir.

1948-1953-cü illərdə azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya edən ermənilər Gədəbəy rayonunun ərazisini zəbt etmək üçün Moskvadakı havadarlarının köməyi ilə geniş kampaniya başlatmışlar. Həmin havadarların dəstəyi ilə 1968-1969-cu illərdə ermənilər rayonun Şınıx bölgəsində yerləşən Qaravəlilər, Hacılar və Göyəlli kəndlərinə məxsus 730 hektar torpağın zəbt olunmasına, Tağılar kəndinin əhalisinin öz doğma yurd-yuvalarından köçürülməsinə nail olmuşlar. Ermənilər Şınıx zonasını, eləcə də Gədəbəy rayonunun digər ərazilərini ələ keçirmək üçün sonralar da yollar axtarmağa davam etmişlər. Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixdə keçirilən plenumunda ümummilli lider, ulu öndər Heydər Əlirza oğlu Əliyev dərhal həmin hadisələrə müdaxilə etmiş, rayon sakinlərinin bir qrupunu qəbul edərək, onların qaldırdıqları məsələlərin operativ həllinə göstəriş vermişdir.

1970-ci ildən başlayaraq, rayonda müasir tipli heyvandarlıq komplekslərinin tikintisi ardıcıl xarakter almışdır. Qısa müddət ərzində Gərgər, Samanlıq, Novosaratovka və Zəhmət kəndlərində hər biri 800 başlıq heyvandarlıq kompleksləri tikilmiş, bununla da rayonda heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı dönüş yaradılmışdır. Həmin illərdə rayonda ət, süd istehsalı 2 dəfədən çox artmış, iribuynuzlu mal-qarının, qoyunların sayı xeyli çoxalmışdır. Kartof istehsalı 1970-ci ildə 6.495 ton olduğu halda, 1980-ci ildə 31,198 tona çatdırılmışdır.

Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Gədəbəy rayonu yenidən ermənilərin hədəfinə çevrilmişdir. 1990-cı ilin 20 yanvar faciəsindən bir neçə gün sonra ermənilər rayonun Şınıx bölgəsinin 6 dinc sakinini qətlə yetirmişlər. 1988-1992-ci illərdə rayonun sərhədyanı kəndləri ermənilər tərəfindən müntəzəm olaraq atəşə tutulmuşdu. Həmin dövrdə əzəli Azərbaycan torpağı olan, lakin sonralar Ermənistana verilmiş Başkənd quldur yuvasına çevrilmişdi. 1992-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin iki kəndi - Mutudərə və Qasımağalı kəndləri yandırılmışdı. Lakin Azərbaycanın Milli Ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Başkənd kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizləmişlər.

Gədəbəy rayonunda 1964-cü ildə yaradılmış və 1981-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən "Xalq Aşığı" adı verilmiş ansambl fəaliyyət göstərir. Rayonda 2009-cu ildə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş  "Aşıq musiqi məktəbi"nin tikintisi başa çatmışdır. Gədəbəy şəhərində ümumi ərazisi 5 ha olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı vardır. Parkda yenidənqurma işləri aparılmış və əhalinin rahatlığı üçün lazımi şərait yaradılmışdır.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.