AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Füzuli

Rayon haqqında məlumat

Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Günəştəpədə, Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Quruçay sahillərində müxtəlif dövrlərdə aparılmış tədqiqatlar zamanı ərazinin qədim insan məskənlərindən biri olduğuna dair maddi sübutlar əldə edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralıda yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlamışdı.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunmuş bir sıra memarlıq abidələri var. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at və qoç fiqurları (XVIII-XIX əsrlər) kimi tarixi əhəmiyyət daşıyan abidələr hazırda rayonun işğal altında olan hissəsində yerləşir. 2017-ci ilə olan məlumata əsasən rayon əhalisinin sayı 125400 nəfərdir. Rayon əhalisindən  67324 nəfər  rayonun işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 16 qəsəbə, 21 kənddə yaşayır. 58076 nəfər isə respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmışdır.

Füzuli rayonu Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1386 km2-dir. Rayon ərazisində Füzuli rayon Mədəniyyət evi, Horadiz şəhər Mədəniyyət evi, 14 kənd mədəniyyət evi, 8 klub müəssisəsi fəaliyyət göstərir. Adları göstərilən mədəniyyət müəsisələri ədəbi-bədii gecələr, kompozisiyalar və konsert proqramları ilə həm əhali qarşısında, həm də təmas xəttində yerləşən hərbi hissələrdə maraqlı çıxışlar etmişdir. Onlardan "Kosa bir oyun eylər", "Vahid Əlifoğlu xatirələrdə", "Biz sizdən öyrəndik qəhrəmanlığı", "Ordum varsa, yurdum var", "Qaytar Vətən borcunu", "Cənnətə dönmüsən indi, Horadiz", "Tarix yaradan Lider", "Üfiqlərdən günəş doğdu həmin gün", "Tükənməzdir ordumuzun qüdrəti”,  “Qonşumuz xınalı bir erkək kəsdi", "Dalğalansın bayrağım, azad olsun torpağım", "Ölkəmizi tanıyaq", "Yeni ilə yeni arzularla" və s. adlı rəngarəng proqramları göstərmək olar.

Rayon Mədəniyyət Evinin nəznində Xalq Teatrı fəaliyyət göstərir. Həmin xalq teatrı klassik dramaturqlardan Cəlil Məmmədqulizadənin, N.B.Vəzirovun, C.Cabbarlının, müasir dramaturqlardan Xalq yazıçısı İ.Əfəndiyevin, Anarın, İ.Məlikzadənin əsərlərinə səhnə həyatı vermişdir. N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”, Ə.Haqverdiyevin “Bomba”, xalq  yazıçısı İ.Əfəndiyevin 100 illiyi ilə əlaqədar bir neçə dram əsərindən ibarət kiçik parçalar şəklində kompozisiya hazırlamışdır. Görülmüş bu tədbirlər Azərbaycan Dövlət Televiziyası və digər yerli televiziya kanalları ilə işıqlandırılmışdır. Bundan əlavə, rayonda "Araz", "Qarabağ", "Çinar" adlı bədii özfəaliyyət kollektivlərindən ibarət ansambllar da fəaliyyət göstərir.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri