AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Culfa

Rayon haqqında məlumat

Culfa Naxçıvan Muxtar Respublikasının qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Ehtimala görə "Culfa" sözü orta əsrlərdə cükki tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə Culağ kimi də çəkilir. Qədim Culfanın xarabalığı indiki Culfa şəhərindən 3 km aralıdadır. Burada yaşayış binaları, qala divarları, karvansara, bazar və ibadətxana qalıqları, qədim qəbiristanlıq aşkar edilmişdir. 1939-1940-cı illərdə Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. tapılmışdır. Tranzit karvan yolu üzərində yerləşən Culfa regionun iqtisadi həyatında da mühüm rol oynamışdır. IX-XII əsrlərdə Culfada sənətkarlıq və ticarət daha da inkişaf etmiş, XI əsrin ikinci yarısından etibarən beynəlxalq ipək ticarətində mühüm rol oynamağa başlamışdır. Həmin dövrdə Culfada təqribən 3000 ev mövcud idi (15-20 min əhali yaşayırdı). Culfa tacirləri Rusiya, şərq ölkələri, Venesiya, Marsel və s. Avropa şəhərləri ilə ipək ticarəti edirdilər.
 
Culfa rayonu Naxçıvan Muxtar Respublikasında inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Şimal-şərqdən Ermənistanla, cənubdan isə İranla həmsərhəddir. Mərkəzi Culfa şəhəridir. Rayonun Ermənistan Respublikası ilə sərhədi boyu Zəngəzur silsiləsi uzanır, həmin silsilə Araz çayına doğru alçalaraq Arazboyu düzənliklərə (Culfa düzənliyi və s.) keçir. Rayonun ən yüksək nöqtəsi Dəmirlidağdır (3364 m). Tabaşir-Neogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: mərgmüş, gəc, gips və s. Ərazinin çox hissəsində yayı quru isti, qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək dəyişir, iyulda 19-28°C-dir. İllik yağıntı 200-600 mm-dir.
 
Rayonun əsas çayları Araz, Əlincə və Qaradərədir. Əlincə çayı üzərində su tutumu 13 mln. m3 olan Bənəniyar su anbarı inşa olunmuşdur. Onun hesabına 6 min ha sahə əkin dövriyyəsinə daxil edilmişdir. Rayonun torpaqları, əsasən, dağ-çəmən, qəhvəyi, dağ-meşə, dağ-şabalıdı, boz, çəmən-boz torpaqlarından ibarətdir. Səhra, yarımsəhra, dağ bitkiləri və subalp çəmənləri yayılmışdır. Rayonda enliyarpaqlı dağ meşələri (palıd, fıstıq, vələs) mövcuddur. Muflon, qaya keçisi, canavar, tülkü, boz dovşan, ular və s. heyvan növlərinə rast gəlinir. Gülüstan türbəsi, Daş körpü, Ərəfsə piri, Xanəgah Memarlıq Kompleksi, Kırna cümə məscidi, Əshabi-Kəhf ziyarətgahı, Qazançı qalası, Qazançı körpüsü, Şeyx Xorasan xanəgahı, Əlincəqala kimi tarixi-memarlıq abidələri nəinki rayonda, onun sərhədlərindən kənarda da tanınır
 
Culfa üzümçülük və heyvandarlıq sahələri ilə tanınsa da, burada taxılçılıq da inkişaf etmişdir. Rayonda karbon qazı zavodu, gəc sexi, kənd təsərrüfatı və dəmiryol texnikası təmiri müəssisələri, yüksək gərginlikli elektrik transformatorlarının sarğı sexi, həmçinin 26 ümumtəhsil məktəbi, 1 peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 29 kitabxana, 37 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 14 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. fəaliyyət göstərir. Culfa Rayon İcra Hakimiyyətinin orqanı olan "Arazın səsi" qəzeti isə 1935-ci ildən nəşr olunur.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.