AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəlilabad

Rayon haqqında məlumat

Cəlilabad rayonu 1930-cu ildə azərbaycanlılarla rusların birgə məşkunlaşdığı Astarxanbazar şəhəri əsasında təşkil olmuşdur. Rayon 1967-ci ilədək Astarxanbazar adlanmış, 1967-ci ildən sonra isə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır. Respublikanın cənub bölgəsində yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub-şərqdən Masallı, cənubdan Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi 1441,4 kvadrat kilometr, əhalisi 216,5 min (2017) nəfərdir. Rayonda 2 şəhər, 118 kənd vardır. Mərkəzi Cəlilabad şəhəridir. Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır. 2017-ci ilin məlumatına görə rayonun 219.500 nəfər əhalisi var. Bundan 219.286 nəfəri azərbaycanlı,130 nəfəri rus, 15 nəfəri türk, 14 nəfəri tatar, 12 nəfəri ukraynalı, 21 nəfəri talış və 22 nəfəri isə digər millətlərin vətəndaşlarıdır.

Cəlilabad rayonu relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır (rayonun şərq və cənub-şərqində Buravar silsiləsinin şimal-qərb hissəsi). Ən hündür nöqtəsi 1000 metrə qədər, şərq hissədə bəzi yerləri okean səviyyəsindən aşağıdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur qışda 1-3°C, yayda 25-30°C-dir. Çayların ən böyüyü İran İslam Respublikası ilə sərhəddə yerləşən Balharıçayıdır. Bundan əlavə, Həməşəra, İncəçay, Mişarçay kimi müvəqqəti xarakterli çaylar vardır. Torpaq tipləri aran hissədə allevual-çəmən, şabalıdı, dağətəyi zonada şabalıdı, qəhvəyi, dağ-meşə torpaqlarıdır. Yarımsəhra, çöl, dağ kserofil bitkiləri və sair inkişaf etmişdir. Rayonun 17,1 min hektar və ya 11 faiz ərazisi meşə sahələri ilə örtülüdür. Meşələrin 50 faizi şabalıdyarpaq palıd, 16,5 faizi vələs, 6,5 faizi fıstıq, qalan hissəsi ağçaqayın, dəmirağac və sair bitkilərdən təşkil olunmuşdur. Təbii ehtiyatlardan neftli-qazlı sahə, əhəng, gil, qum və tikinti daşı yataqları mövcuddur.

Rayonda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, 2 musiqi məktəbi, 43 klub müəssisəsi, 64 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası, mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir. Rayon Tarix-Diyarşünaslıq Muzeyində 2123, rayon dövlət rəsm qalereyasında 137 eksponat, habelə rayon ərazisində 51 tarixi-mədəni abidə mühafizə olunur.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.