AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəbrayıl

Rayon haqqında məlumat

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər ona və övladlarına məxsus olmuşdur. Hələ sağlığında böyük hörmət sahibi olmuş bu şəxs vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə şahsevən, cavanşir, əfşar tayfaları ilə yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası Qafqazı işğal etdikdən sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasından 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır.

XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Karantin sözünü yerli əhali "qıraxdın" kimi tələffüz etmişdir. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılmış, Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edilmişdi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər idi. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.

1930-cu ildə mərkəzi Cəbrayıl kəndi olmaqla Cəbrayıl rayonu təşkil edilmişdir. Rayonun sahəsi 1050 kv.km, əhalisi 24300 nəfərdir. Rayon ərazisində sement istehsalı üçün qiymətli xammal, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu məlumdur. Əhali işğaldan əvvəl üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Rayonda, həmçinin tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqa el sənətkarlarının vətənidir. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu. Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlar kəndindəki dairəvi türbəni (XIV əsr), Xudafərin körpüşünü (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik gümbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə "Hacı Qaraman", "Cəbrayıl ata", "Dul-dul", "Mazannənə" ziyarətgahlarını misal gostərmək olar.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri