AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Beyləqan

Rayon haqqında məlumat

Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır. Beyləqan rayonunun ərazisi Azərbaycan Respublikasının Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km, əhalisinin sayı 01.01.2010-cu il tarixə 87,4 min nəfərdir. 1 kvadrat km-ə 77 nəfər düşür. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir. Rayon 1 şəhər, 10 qəsəbə və 20 kənd olmaqla, cəmi 31 ərazi vahidinə bölünmüşdür. 

Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Cərciz peyğəmbər ziyarətgahı, orta əsrlərə aid qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir. Həzrət Cərciz peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hazırda bu ziyarətgah respublikamızın bütün bölgələrindən, eləcə də Gürcüstan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.

Örənqala tarixi abidəsi rayon mərkəzindən 18 km aralıqda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə, əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır. Bundan əlavə, Saray təpəsi, Soltanbud qəbiristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatun məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirəsinə ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, Mücrəddin Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü rayon mədəniyyət şöbəsinin mühafizəsi altında olan memarlıq və incəsənət abidələridir.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.