AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağsu

Rayon haqqında məlumat

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri əvvəl şəhər tipli qəsəbə, 1967-ci ildən isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir. Ərazisi 1020 kvadrat kilometr, əhalisi 76,3 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 79 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 31 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur. Əhalinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 27,5 %-i şəhərdə, 72,5 %-i kənd yerlərində yaşayır. Rayonda 1842 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır. Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun ərazisindən 2 çay - Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir.

Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir. Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür.

Rayonda 68 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 2 xəstəxana - rayon Mərkəzi xəstəxanası və Kalva kənd sahə xəstəxanası, 15 həkim və 19 tibb məntəqəsində  əhaliyə səhiyyə xidməti göstərir. Rayonda 9 mədəniyyət sarayı və evləri, 38  kitabxana, 1 uşaq musiqi məktəbi, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, Heydər Əlyev Mərkəzi və tarix-diyarşünaslıq muzeyi vardır. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün Heydər Parkı, Ağsu şəhər Mədəniyyət və İstirahət Parkı, Heydər Əliyev Seyrəngahı salınmış, 3000 yerlik Ağsu şəhər stadionu tikilib istifadəyə verilmişdir. Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri