AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tovuz

Rayon haqqında məlumat

Tovuz rayonu inzibati ərazi vahidi kimi 1930-cu ilin avqustunda təşkil olunmuşdur. Rayon respublikanın şimal-qərbində yerləşməklə, şimaldan Gürcüstan Respublikası, qərbdən Ermənistan, cənub və cənub-qərbdən Gədəbəy rayonu, şərqdən Şəmkir rayonu, şimali-şərqdən Samux rayonu ilə həmsərhəddir.
 
Rayonun ərazisində aşkar edilmiş “Göytəpə” qədim yaşayış məskəni (e.ə VI əsr), “Torpaqqala”, “Köhnəqala”, “Sultan körpüsü”, “Tağlı körpü”, “Koroğlu qalası”, “Haçaqaya”, Kürboyu alban məbədləri və s. bölgənin tarixinin daha qədim olmasından xəbər verir. XIII əsrin əvvəlində monqolların Azərbaycana yürüşü zamanı (1231-1239) Tovuz artıq böyük yaşayış məskəninə çevrilmişdir və monqollara layiqli müqavimət göstərmişdir. I Şah İsmayıl (1501-1524) dövründə Tovuz və ona bitişik ərazilər Zülqədər tayfasının bir qolu hesab olunan Şəmşəddil tayfasının irsi mülkiyyətinə verildi və inzibati cəhətdən Qarabağ (mərkəzi Gəncə idi) bəylərbəyliyinə tabe idi. Şəmşəddil mahalı Zəyəmdən qərbə, indi mənfur ermənilərə aid olan bir sıra yaşayış məntəqələrini də əhatə etməklə Qazağa qədər torpaqları əhatə edirdi və sonradan Sultanlığa çevrildi və XVIII əsrin ortalarına qədər müstəqil idi. XVII əsrin əvvəlində Şəmşəddilli Səlim xan Səfəvilərin köməyi sayəsində Axalsikini Osmanlı qoşunlarından geri almış və Qazax-Şəmşəddil sultanlığına qatmışdı. 1828-1840-cı illərdə rus komendantları tərəfindən idarə edilən Şəmşəddil ərazisi 1844-cü ildə Gəncə qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasına tabe olub Rusiyanın ixtiyarında idi. Çarizmin vergi siyasətnə qarşı 1844-1845-ci illərdə Şəmşəddil kəndlilərinin etirazları Zəyəmdə xüsusilə qüvvətli idi və çətinliklə çar qoşunu tərəfindən yatırıldı. 1883-cü ildə Bakı-Tbilisi dəmiryolunun çəkilməsi Tovuzun iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra Şəmşəddil-Tovuz ərazisində də milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi işi sürətləndirildi. Qori, sonra isə Qazax müəllimlər seminariyalarının əraziyə yaxın olması bölgədə ziyalıların xüsusi çəkisinin artmasında mühüm rol oynadı.
 
1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra, Tovuz rayonu da bir tərəfdən sevinc yaşadı, digər tərəfdən isə, xain ermənilərlə 69 km ümumi sərhəddə böyük narahatlıqlar başlandı, müharibənin ağrı-acısını yaşadı. Məlum münaqişə dövründə Tovuzun yüzlərlə igid övladı düşmən gülləsindən şəhid oldu, bir qarış torpağını mənfur düşmənə vermədi. Tovuzun Naiq Nəsir oğlu Yusifov və Qasım Qara oğlu Rzayev kimi milli qəhrəmanları gənclərin vətənpərvərlik nümunəsidirlər.
 
Tovuz rayonunun ümumi ərazisi 194.209 hektardır. Bundan 118.382 ha torpaq sahəsi dövlət mülkiyyətində, 45.689 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində, 30.138 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayon ərazisinin 30.609 hektar sahəsini meşəliklər örtür. Rayonun ən iri yaşayış məntəqələri Tovuz şəhəri (ərazisi 912 hektar, əhalisi 21.340 nəfər), Qovlar şəhəri (ərazisi 5.691 hektar, əhalisi 14.860 nəfər), Əyyublu kəndi (ərazisi 5.430 hektar, əhalisi 11.647 nəfər), Aşağı Quşçu kəndi (ərazisi 3.257 hektar, əhalisi 10.741 nəfər) və sairdir. Ərazisi relyef baxımından kəskin müxtəliflliyi ilə fərqlənir. Buraya orta dağlıq, alçaq dağlıq və dağətəyi zonalar daxildir. Rayonun ərazisinin cənub hissəsi alçaq dağlıq zonada, şimal hissəsi alçaq dağlıq və dağətəyi zonada yerləşir. Yayı sərin, qışı isə bir qədər şaxtalı keçir. Kür çayı rayonu iki hissəyə ayırır. Çayın sol sahilində geniş Ceyrançöl massivi uzanır ki, bu da heyvandarlığın inkişafında otlaq sahəsi kimi istifadə olunur. Çayın sağ sahili əkinçilikdə istifadə olunur, rayonun meşə fondunu və dağ çəmən zonasını tutur. Rayonun ərazisində çay şəbəkəsi seyrək olub, şimalda Kür çayı, mərkəzi hissədə Tovuz  çayı və onun qolu Axınca çayı, Əsrik çayı, şərq hissədə Zəyəm çayı və onun xırda qolları axır. Rayonun torpaqları aran zonasında şabalıdı (boz qəhvəyi) torpaqlardan, dağlıq ərazidə dağ çəmən torpaqlarına qədər dəyişir.
 
Tovuz rayonunun əhalisi 01.01.2017-ci il tarixə rəsmi qeydiyyatda 172,4 min nəfərdir. Rayonda həmçinin 1631 nəfər Qarabağ Müharibəsi Veteranı, 404 nəfər Qarabağ Müharibəsi əlili, 285 nəfər şəhid ailəsi, 21 nəfər Böyük Vətən Müharibəsi Veteranı, 150 nəfər Əfqanıstan Müharibəsi Veteranı vardır. Rayonun 8 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.