AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tərtər

Rayon haqqında məlumat

Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə Aleksandr Düma demişdir: "Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər". Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqələrdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb.
 
Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamışdır. Çar Rusiyası dövründə Yelzavetpol quberniyasının Cavanşir qəzasının mərkəzi olmuşdur. 1757-1759-cu illərdə məşhur şair M.P.Vaqifin Tərtərdə məktəbdarlıqla məşğul olması buranın mədəni inkişafı haqqında xəbər verir. Pənah xanın, Cavanşir və Mehdiqulu xanın, Nəcəfqulu və Nəriman bəyin ayaq izləri qalmış Tərtərdə Molla Vəli Vidadinin, Qasım bəy Zakirin nəfəsi qorunub yaşayır. Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində (indiki musiqi məktəbi) 1911-ci ildə, ilk ambulatoriya-tibb məntəqəsi 1903-cü ildə Hacı İbrahimin evində (indiki Şuşa Rayon Polis Şöbəsinin yerləşdiyi bina), ilk apteki isə 1905-ci ildə Hacı İbrahim, 1917-ci ildə Haqnəzərovlar açıb. Rayonun ərazisi 960 min kv.km, əhalisi 102400 nəfərdir. Rayonun tabeliyində 2 şəhər (Tərtər, Ağdərə), 1 qəsəbə (Şıxarx), 74 kənd vardır. Kür-Araz ovalığının qərb hissəsində, Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Tərtər rayonu Qərbdən Şərqə doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir. Qışı quraq keçən mülayim isti və yarımsəhra quru çöl iqlimi var. Torpağı şabalıdı, boz və çəmən-boz qrupuna aiddir. Ərazisindən Tərtər və İncə çayları, cənub sərhəddindən isə Xaçın çayı axır.
 
1940-cı ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur. 1963-cü ildə rayon statusu ləğv edilərək ərazisi Bərdə rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən müstəqil olmuşdur. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra 1991-ci ilin fevral ayında rayonunun tarixi adı yenidən özünə qaytarılmışdır.
 
Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır. İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. 1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilmişdir. İlk tunc dövrünə aid bu abidələrdən biri 15 kvadratmetr sahədə gil daşdan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst mərtəbədə bir insan skeleti, ikinci mərtəbədə səkkiz, üçüncüdə isə on insan skeleti aşkar olunmuşdur. Həmin yerdən tapılan və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir aşkar edilmişdir. Qəbrin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metr olmuşdur. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir. Tabutun mıxları əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar ki, rast gəlinməmişdir. Tabuta tayfa başçısının döyüş silahları, nizə və ox ucları, döyüş təbərzini, mərmər toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla işlənmiş bəzək əşyaları, qızıl düymələr, başlığı fil sümüyündən qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılmışdır.
 
Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir. Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçın çayı axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Yuxarı Qarabağ iqtisadi rayonuna daxildir. Tərtər şəhərinin girişində Tərtər çayı üzərində tikilmiş əzəmətli bir körpü olub. Bu körpü çar Rusiyasının dövründə, I Dünya müharibəsi ərəfəsində - 1914-1916-cı illərdə salınıb. Strateji əhəmiyyəti olan bu körpü, Bakı-Yevlax yolunun uzantısı olub Tərtərdən keçərək Ağdama çatdırılıb. Yolun və körpünün fəaliyyəti 1930-cu illərdə dayandırılıb. Hazırda körpünün qalıqları daş sütunlar-tarixi abidə kimi qalır.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri