AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lerik

Rayon haqqında məlumat

Azərbaycanın uzunömürlülər diyarı sayılan Lerik zəngin tarixə malik çox qədim, eyni zamanda çox səfalı bölgələrimizdən biridir. Qədim zamanlardan ibtidai insanlar bu ərazidə dağların ətəklərində indi də mövcud olan təbii mağaralarda yaşamışlar. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycan ərazisində daş dövrünə aid ən qədim yaşayış məskənlərindən biri - Buzeyir mağarası aşkar edilmişdir. Məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri XVIII-XIX əsrlərdən etibarən apardığı arxeoloji qazıntılar zamanı buranı "arxeoloji cənnət" adlandırmış və qiymətli tarixi eksponatlar aşkarlamışlar.
 
Talış silsilə dağlarının əhatəsində, Qızyurdu və Kömürköy zirvələrinin arasında yerləşən Lerik çox füsunkar və ecazkar təbiəti, zəngin flora və faunası, zümrüd meşələri, nadir ağacları, bənzərsiz şəlalələri, Sors çay, Zuvand çay, Lerik çay, Bilnə çay, Ləkər çay, Vazaru çay kimi coşqun çayları, Bülüdül, Zərinqala, Xanbulaq, Xansu, Yolahoni (Böyükbulaq) kimi xalqın sağlamlıq ocağı olan mineral bulaqları ilə tanınır. Bütün bu amillərin nəticəsidir ki, hazırda Lerikdə yaşı 100-ü ötmüş onlarla insan yaşayır.
 
Lerik ərazisində çox qədim tarixə malik insan məskənləri, tarixi abidələr də mövcuddur: Mistan kəndində "Qızyurdu" qədim insan məskəni, Orand kəndində daş-qutu qəbirlər, Ağçeş türbəsi, kəndlərdə daşdan yonulmuş qoç heykəlləri, çox orijinal memarlığı ilə seçilən, müdafiə məqsədi ilə inşa edilmiş Oğlan və Qız qalaları, Kekonu kəndində Pir Yusif məqbərəsi, Lerik-Cəngəmiran yolunun üstündə Cabir məqbərəsi (XII–XIV əsrlər), Xanəgah kəndində Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndində məscid (XIX əsr), Mondigah kəndində Baba İsa türbəsi, Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi, Babagil məqbərəsi və s.
 
Lerikdə sənətkarlığın inkişafı, ilk növbədə, təbii-coğrafi şərait və təsərrüfatın xarakteri ilə bağlıdır. Bu baxımdan Lerikdə xalq sənətkarlığının ağacişləmə, toxuculuq, Pirəsora, Blaband və Noda kəndlərində xalçaçılıq sənəti, boyaqçılıq, əyiricilik, həmçinin Şingədulan və Şonaçola kəndlərində dəmirçilik, nalbəndlik və s. peşə-sənət növləri bu gün də yaşadılır.
 
Azərbaycanın cənub bölgəsi üçün xas olan milli yeməklərimiz Lerik kulinariyasının da əsasını təşkil edir. Toyuq ləvəngisi, müxtəlif növ kabablar, kələm, pomidor və yarpaq dolması, badımcan qiyməsi, südlü plov, süzmə qatıqplov, mərciplov, lobyaplov, xəşil, umac, mərci şorbası və s. Lerik mətbəxinin əsas yeməkləri sayılır. Qoz ləpəsindən hazırlanan yeməklər, eləcə də süd mənşəli yeməklər - "ağartı" adlandırılan yağ, qatıq, süzmə, pendir, ayran, qaymaq, şor və s. geniş yayılmışdır. Sözügedən ağartı məhsullarından bəzi yemək və içkilərin hazırlanmasında da istifadə olunur. Tarixən təmiz və sərin bulaq suyu, qəndab, çay, iskəncəbi, şərbət, ayran, meyvələrdən alınmış təbii şirələr və s. leriklilərin əsas ənənəvi içkiləridir.
 
Azərbaycan elmi və mədəniyyəti tarixində xidmətləri olmuş bir çox görkəmli şəxslər - yazıçı-dramaturq Əlisa Nicat, əməkdar elm xadimləri Əlihüseyn Hidayətov, Fazil Ağayev, əməkdar incəsənət xadimi Baba Rzayev, professorlar Bəhlul Abdulla, Elman Quliyev, neftçi, Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramov, Aşıq Ələsgər Rzayev və başqaları Lerik torpağının yetirmələridir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri