AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Masallı

Rayon haqqında məlumat

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır. "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəl çəkilən yer, məsəl çəkənlər" kimi izah olunur. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.
 
Masallı rayon kimi 1930-cu ildə yaradılmışdır. Respublikanın cənubunda yerləşən rayon Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı-Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir. 01 yanvar 2018-ci il tarixə rayonun əhalisi 223.734 min (1 kv. km 310 nəfər əhali düşür) nəfərdir, o cümlədən azərbaycanlılar 91.99 %, talışlar 7.95 %, ruslar 0,04 %, türklər 0.01%, tatarlar 0.01%.

Masallı rayonu Mədəniyyət və Turizm şöbəsi 1946-cı ildə yaranmışdır. Əvvəllər Mədəni-maarif şöbəsi, 1953-cü ildən Mədəniyyət şöbəsi, 2006-cı ildən isə Mədəniyyət və Turizm şöbəsi adlandırılmışdır. Hazırda rayonda 30 klub müəssisəsi, 1 rayon mərkəzi kitabxanası və onun 49 kənd filialı, 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix diyarşünaslıq muzeyi, Rəsm qalereyası, 168 Tarix və Mədəniyyət abidələri, 33 turist obyekti fəaliyyət göstərir. Rayonun klub müəssisələrində 102 bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir ki, bura 2614 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adını daşıyır. Onlardan biri Mahmudavar kənd folklor evinin “Halay”  folklor xalq mahnı və rəqs kollektivi 50 ildən artıq fəaliyyət göstərir və dünyanın 28-dən çox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir.
 
Masallı rayonu 1930-cu ildə inzibati rayon kimi müəyyən edilsə də bu bölgədə təhsil ocaqları daha qədim vaxtlara təsadüf edir. Masallıda ilk məktəb 1860-cı ildə Nikolayevka (indiki Kalinovka) və 1896-cı ildə Qızılağac kəndlərində açılmışdır. Hazırda 2017/2018-ci tədris ilində Masallı rayonunda 95 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərin 65-i orta, 27-si ümumi, 3-ü ibtidaidir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri