AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lənkəran

Şəhər haqqında məlumat

Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgədə aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründə, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdi. Şəhərin bir kilometrliyindəki Digah kəndində aşkar olunan və miladdan əvvələ aid edilən Divə-lona qəbiristanlığı, Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adının çəkilməsi bu şəhərin tarixinin qədimliyindən xəbər verir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdı. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən karvan yollarının üstündə, Xəzər dənizi sahilində yerləşməsi bölgənin inkişafını xeyli sürətləndirmişdi.

Lənkəran bir çox tarixi abidələrlə zəngindir: Bəlləbur qalası (VIII-IX əsrlər), Şeyx Zahid türbəsi (XIII əsr), Mayak (XVIII əsr), Dairəvi qala (zindan) (XVIII əsr), Seyid Xəlifə türbəsi (XIX əsr), Mir Əhməd xanın evi, Böyük Bazar Məscidi, Kiçik Bazar Məscidi (XX əsrin əvvəlləri) və s. belə qədim abidələrdəndir. Lənkəran bölgəsi həm də mənzərəli təbiəti, unikal bitki aləmi, nadir quş və heyvan növləri ilə məşhurdur. Ərazidə yerləşən Hirkan Milli Parkı və Qızılağac Dövlət Qoruğunda nadir bitki və ağac növləri, o cümlədən xallı maral, qaban, cüyür və b. meşə heyvanları qorunur.

Münbit torpağı, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq, balıqçılıq, ipəkçilik və arıçılıq olmuşdu. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq, qalayçılıq və s. sənətlər geniş yayılmış, hazırda da bölgədə sənətkarlıq sahələri, o cümlədən, dulusçuluq və xüsusilə həsirtoxuma (xüsusi qamış növündən) geniş inkişaf etdirilir.
 
Lənkəran çox zəngin və spesifik mətbəxi ilə fərqlənir. Bölgə yeməkləri içərisində düyü və balıqdan hazırlanmış xörəklər xüsusi yer tutur. Lənkəran mətbəxində geniş çeşiddə plovlar – daşma plov, süzmə plov, boranı plov, paxla plov, qara plov, çəngüru, mərci plov, çölmək plov və s., balıq yeməkləri – girdəbic balıq, şor balıq, balıq sırdağı, qovurma balıq, müxtəlif ləvəngilər – balıq ləvəngisi, toyuq ləvəngisi, badımcan ləvəngisi, qozlu kükü, badımcan küküsü, balıq küküsü, səbzi kükü, taskababı, turşukabab, fisincan, murkutuş, mütəlcəm və s., eləcə də qəndi külçə, Lənkəran külçəsi, məcüm halvası, bişi, ziren çörək və s. şirniyyat çeşidləri yayılmışdı.

Lənkəran həm də bir çox görkəmli şəxsiyyətlərin doğulduğu torpaqdır: Rusiya İmperator Ordusunun artilleriya generalı, AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov, o cümlədən RİO generalları Əsəd bəy Talışxanov, Xəlil bəy Talışxanov, Mirkazım bəy Talışxanov, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, həkim Mirməmməd Cavadzadə, xalq artistləri Həqiqət Rzayeva, Gülağa Məmmədov, Canəli Əkbərov, Münəvvər Kələntərli, Yalçın Rzazadə və başqaları bu torpağın yetirdiyi məşhur insanlardır.

Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.