AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Astara

Rayon haqqında məlumat

Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir. Rayon 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir.

Astaranın adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir. Eramızdan əvvəl 90-160-cı illərdə yaşamış görkəmli riyaziyyatçı, astronom və coğrafiyaşünas İsgəndəriyyəli Klavdi Ptolomey Xəzər dənizinin II əsrə aid xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə məlumat vermişdir. K.Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərinin adını çəkmiş və Astaranın adını yunanca “Astarata” kimi qeyd etmişdir. Qədim dünyanın digər alimi Strabon özünün “Tarixi hadisələr” barədəki qeydlərində Astaradan  bəhs edərkən “dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi” barədə fikirlər söyləmişdir. Tarixi İpək yolu qədim yaşayış məntəqəsi olan Astaranın ərazisindən keçmişdir. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının sahilində VII əsrə aid karvansara mövcud olmuşdur. Orta əsrlərdə Astara əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olmuş, burada dulusçuluq və saxsıbişirmə sənət sahələri geniş inkişaf etmişdir.

Hələ XIII əsrin axırları XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində “Zərbe Astara” (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə Astarada zərb olunan pullar olmuşdur. Hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir. Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Məşhur alman səyyahı Adam Oleari (1599-1651) 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olmuş, qeydlərində Astara vilayətinin Xəzər dənizinin sahilində yerləşdiyini, burada gövdəli üzüm tənəkləri olduğunu yazmışdır. Qədim tarixçi Strabon da yazılarında Hirkaniya adlanan bu yerlərdə kiçik bir tənəyin bir səbət üzüm verdiyini qeyd etmişdir. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur. Tanınmış macar şərqşünas və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi və böyük bir fəslini Azərbaycana həsr etdiyi “Türk elləri” kitabında Astaradan bəhs olunmuş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olması qeyd edilmişdir.

Aran və dağlıq ərazidən ibarət Astaranın şərqində Xəzər dənizi, qərbində isə zəngin meşəli Talış sıra dağları yerləşir. Müxtəlif xəstəliklərin dərmanı olan İsti su, Yanar bulaq və digər mineral və termal bulaqlar rayona gələn qonaqlar və turistlərin ən çox baş çəkdiyi yerlərdəndir. Relikt və endemik dəmirağacı, şabalıdyarpaq palıd, ipək akasiya, şümşad, azat ağacları yalnız Astara meşələrində bitən nadir flora nümunələridir. Xallı pələng, bəbir, qırqovul, xınalı kəklik, çöltoyuğu da Astara təbiətinin bəzəyidir. Astara ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə də məşhurdur. Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa sitrus və subtropik meyvələr Respublika və xarici ölkə bazarlarına çıxarılır. Rəngarəng bitki örtüyünə malik Astarada istehsal olunan bal və digər arı məhsulları zəngin tərkibinə görə fərqlənir. Astara çayına Madrid, Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə ən yüksək qiymət verilmiş və Qızıl medala layiq görülmüşdür. Astara düyüsünün müxtəlif növləri yüzilliklər ərzində əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Haşimi”, “Sədri”, “Ənbərbu”, "Xəzri" və digər çəltik növlərindən emal edilən düyü məhsulları özünəməxsus ətri, dadı və bərəkəti ilə hələ qədimdən şöhrət qazanmışdır. Bölgəmizin brendi olan Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri hər yerdə tanınır. Düyüdən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər bişirilir ki, bunların hər birinin özünəməxsus dadı var. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini daha da zənginləşdirir. Xüsusi ilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, boranı plov, toy qatığı və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir. 


Rayona aid qeyri-maddi mədəni irs nümunələri