AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qusar

Rayon haqqında məlumat

1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və 1930-cu ildə mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildən bura şəhər statusu verilmişdir. Qusar toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. Qusar adının rus dilində vaxtilə “macar forması geyinmiş süvari əsgər” mənasında işlənmiş qusar sözü ilə bağlı olması haqqında mülahizə mövcuddur. Fərziyyəyə görə, Rusiyada 1783-1784-cü illərdə təşkil edilmiş Qusar Süvari alayı Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra rayon ərazisində yerləşdirilmiş və həmin yer bu qoşun növünün adı ilə adlandırılmışdır. Digər mülahizəyə görə, Qusar sözü qus/quz (qədim türk tayfasının adı) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və quzlardan olan kişi, ər mənasında işlənmişdir. Qusar sözünə A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlinir. Əsərdə 1602-ci ildə baş vermış hadisələrdən bəhs olunarkən Qusar kəndinin adı çəkilir. Rayon ərazisindəki Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gövduşan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləyər), Qələxur təpələri (Həzrə) və sairə  milladdan əvvəl I minilliyə aid qədim yaşayış məskənləridir.
 
Rayon ərazisində bir sıra tarixi abidələr də mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məscidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir. II Dünya Müharibəsində göstərdikləri rəşadətə görə həmyerlilərimizdən Mirzə Vəliyev (1923-1944), Adil Quliyev və İ.Rıbnikov Sovet İttifaqı Qəhrəmanı, Salah Salahov Bolqarıstanın qəhrəmanı fəxri adına layiq görülmüş, general-mayor Mahmud Əbilov (1898-1972) Sovet Ordusunun Diviziya Komandiri vəzifəsinə kimi yüksəlmiş və II Dünya Müharibəsində xüsusilə fərqlənmişdir. Mühəndis Nizaməddin Ağamuradov və həkim Qavril Yelizarov Sosialist Əməyi Qəhrəmanı adına, Qarabağ səmasında qəhrəmanlıqla həlak olmuş hərbi pilot Fəxrəddin Musayev (1957-1992) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
 
Qusar rayonu çoxlu elm xadimləri və görkəmli təhsil işçiləri də yetişdirmişdir. Fizika-riyaziyyat elmləri doktoru Kərim Kərimov, geologiya-minerologiya elmləri doktoru Qambay Xanməmmədov, neft-kimya üzrə elmlər doktoru Kamal Abdullayev, kənd təsərrüfatı elmləri doktoru Nazim Əmirov, sənətşünaslıq elmləri doktoru Nürəddin Həbibov, tarix elmləri doktoru Nuru Qurbanov, fəlsəfə elmləri doktoru Şaiq Şıxkərimov, tanınmış yazıçı jurnalist Əmir Mustafayev və başqaları rayonun fəxri şəxsiyyətləridir.
 
Qusar rayonunda “Qayi bulaq”, “Şahnabat”, “Şahdağ”, “Mel” xalq kollektivləri fəaliyyət göstərir. Bundan başqa, rayonda 2 memarlıq, 46 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi vardır. 1982-ci ildən fəaliyyət göstərən Qusar rayon tarix-diyarşünaslıq muzeyində 3284 eksponat qorunub saxlanılır.
 
Ölkənin şimal-şərqində, Şahdağın ətəyində уегləşən Qusar rayonu – nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biridir. Sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, meşələrlə zəngin rəngarəng təbiəti vardır. Qusar rayonu respublikanın şimal qapısı hesab edilir. Rayon ərazisində 1964-cü ildə 15000 hektar ərazidə Qusar Dovlət Yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı bir sıra heyvan və quşları (qırqovul, boz kəklik, сüyür, çöl donuzu, dovşan) qoruyub artırmaqdır. Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri, qeyri-adi mənzərəsi olan bu dağlıq ərazi istirahət üçün cəlbedici yerdir. Qusar rayonunda həm yay, həm də qış turizminin inkişafi üçün geniş potensial vardır. Prezident İlham Əliyevin sərəncamına əsasən beynəlxalq standartlara uyğun tikilən və 2008-ci ildə istifadəyə verilən Qusar Olimpiya İdman Kompleksi Azərbaycanın ən mənzərəli guşəsində inşa edilən unikal bir tikilidir. Qusar Olimpiya İdman Kompleksi təlim-məşq toplantılarının, respublika və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi, həmçinin istirahət üçün ideal bir yerdir. Qusar-Qazanbulaq istiqamətində turistlər üçün maraq doğuran ən maraqlı obyektlərdən biri isə 7 hektar ərazisi olan “Əlistan baba” fıstıq meşəsidir.
 
Rayonun milli mətbəxindən də xüsusi zövq almaq mümkündür. Qusar rayonuna gəlib onun ləziz xörəklərindən - ləzgi pizzasından (çkan), çоbаn aşından, ləzgi xingalından, ləzgi qutabından və ləzgi çörəyindən dadmaq ən azından günahdır. Rayonun ərazisində il boyu bəyaz qarla örtülü olan Şahdağ mütəxəssislər tərəfindən qış turizmi üçün münasib yer kimi yüksək qiymətləndirilmişdir. Burada Şahdağ yay-qış turizm kompleksi bölgədə turizmin inkişafına öz töhvəsini verməkdədir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri